Həqiqətlər

25 Noyabr 2014 10:53 (UTC+04:00)

Şöhrətpərəst – başqalarını sevə bilməyən, sevilmək üçün gözə girən, əldən-ayaqdan gedən.

***

Şəhvətpərəst – cinsi istismar yaradan, cinsi istismara yarayan.

***

İnsan iki halda yırtıcılaşır, azğınlaşır: aşırı toxluqdan və aşırı aclıqdan.

***

Yaradan – yarayandır, yarıyandır.

***

Yarıdan – yaradandır, yarıtmaz – yaratmayandır.

***

Təbiət yaradandır, ona görə yaratdığına yarayandır.

***

İnsan yaradandır – yaratdığı hər şeyə yarayandır.

***

İnamsızlıq – idrakın azması, çaşmasıdır.

***

Varlının milləti olmur.

***

Bugünü yaşayan – həmişə çağdaşlığı yaşayır: bu gündən qıraqda çağdaşlıq yoxdur.

***

İnsan yaşadığı sürəcə – çağdaşdır.

***

Olan – çağdaşdır, ölən – çağ dışı.

***

Var olmaq – çağdaş, çağla bir olmaqdır; yox olmaq – çağdan ayrılmaqdır, özünü və çağı itirməkdir.

***

İdrak aydınlaşanda – inam alovlanır.

***

İnam – özünə və başqasına insani yanaşmadır.

***

Təbiət bizə yaşamaq haqqı verir, toplum həmin haqqı əlimizdən alır.

***

Atamız var olsun!