Cahangir Məmmədlidən telekanallara: "Elə iyrənc reklamlara yer verirlər ki, səhər-səhər tamaşaçının olan-qalan iştahı da qaçır”.

25 Noyabr 2014 11:30 (UTC+04:00)

Azərbaycanda telekanalların səhər proqramlarındakı bayağılıq və eynilik artıq tamaşaçıları da narazı salıb. Səhər-səhər yerli kanalları bir-bir gözdən keçirən tamaşaçı, telelekanallarda demək olar ki, eyni, biri-birini təkraralayan səhər verilişləri ilə qarşılaşır. Səhər verilişlərini demək olar ki, eyni formatda təqdim edən telekanalların proqram təminatındakı bu boşluq tamaşaçıları əksər hallarda xarici kanalları izləmək məcburiyyətində qoyur. Elə ekspertlər də yerli telekanalların səhər proqramlarının bir formatda təqdim olunmasında, səhər-səhər tamaşaçılarda xoş ovqat yarada bilməməsində problemlərin olduğunu deyirlər. Bakı Dövlət Universitetinin kafedra müdiri, İctimai televiziyanın Yayım Şurasının sədri Cahangir Məmmədli Movqe.az-a açıqlamasında deyib ki, əslində telekananallar səhər proqramlarını fərli formatda təqdim etməlidirlər ki, tamaşaçı seçim edə bilsin: "Bu telekanalların rəqabət aparması baxımından da önəmlidir.  Amma təəssüf ki, telekanallar səhər proqramlarında hələki fərqlənə bilmirlər. Fərq yalnız İTv və AZTV-də hiss olunur. Bu telekanallarda səhər proqramları adətən informasiya ilə bol olmaqla yanaşı marifləndirici, əyləndirici xarakter daşıyır. Tamaşaçı kanala baxdıqda  həm zövqlü musiqi dinləyir, həm informasiya alır, həm də mariflənir. Çox təəssüf ki, bəzi telekanallar ancaq musiqi efirə verməklə tamaşaçıda xoş ovqat yaratdıqlarını düşünürlər. Amma bəzən efirə elə musiqiçini çıxardırlar ki, tamaşaçı onun ifasında səslənən bayağı musiqini dinləməmək üçün kanalı dəyişməli olur. Ona görə də telekanallar monoton səhər proqramlarından özləri imtina edib fərqli formatda səhər proqramları düzənləməlidirlər ki, onun içində  tamaşaçı səhər-səhər hər bir informasiyanı ala bilsin. Hələki, Azərbaycanın efir məkanında bunu İTV bacarır. Bu kanal tariximizi, ədəbiyyatıızı, musiqimizi gözəl formada təqdim edir. Amma bəzi kanallar səhər-səhər proqramın arasında ya sponsorları olan dərmanlardan, ya xəstəxanalardan, yaxud da iyrənc reklamlara yer verirlər ki, tamaşaçının səhər-səhər olan-qalan iştahı da qaçır".

C. Məmmədli deyir ki, telekanllar səhər proqramları vasitəsilə tamaşaçılarda xoş əhval-ruhiyə yaratmaq əvəzinə, olan-qalan ovqatlarını da pozurlar: "Bir də görürsən səhər-səhər masa başında səhər proqramları diş qanamasını əks etdirən reklam verir. Ay başınıza dönüm tamaşaçıda iştah qalar?. Çox təəssüf ki, bu incə məqamlara da diqqət etmirlər. Səhər-səhər xəstəliklərdən danışıb insanları mənfi aora ilə yükləyirlər". 

C. Məmmədli səhər verilişi aparan aparıcıların seçiminə də telekanalların diqqət yetirməli olduğunu söyləyir: "Telekanal çalışmalıdır ki, səhər verilişlərinə elə aparıcı seçsinlər ki, tamaşaçıya səhər-səhər xoş ovqat bəxş etməyi, məlkumatı fərqli şəkildə təqdim etməyi, auditoriyanı ələ almağı bacarsın. Hələki bu işdə mən deyərdim ki, ATV telekanalında Turab İbrahimov nümunədir". 

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə deyir ki, MTRŞ-nın kanalların proqram təminatına qarışmaq səlahiyyəti yoxdur: "Elə telekanllar var ki, doqurdan da fərqlənməyə çalışırlar. Bəzilərində isə səhər proqramları eyni formatda olur. Ona görə də, telekanllar tamaşaçının istəyinə uyğun formatda təqdim etməlidirlər səhər buraxılışlarını. Bəzi telekanallar səhər proqramlarına yaradıcı yanaşmırlar".