Özəl klinikaların reklam fırıldağı

25 Noyabr 2014 11:45 (UTC+04:00)

Son vaxtlar yerli telekanallarda özəl klinikalar geninə-boluna reklam edilir. Özəl tibb müəssisələrində yeni tibbi avadanlıqların tətbiqi ilə bağlı reklam mətnlərində deyilənlərə inansaq, Azərbaycandakı özəl klinikalar səhiyyəsi inkişaf etmiş ölkələrin tibb müəssisələrindən heç də geri qalmır. Dünyada ən yeni tibbi texnologiyaların özəl klinikalarda olduğunu bəh-bəhlə reklam edən telekanallar isə bunun gerçəkdə belə olub-olmadığının fərqinə belə varmır. Amma ekspertlər özəl klinikaların bu reklamlarının əksər hallarda aldadıcı olduğunu söyləyirlər. Profesor Adil Qeydbulla Movqe.az-a bildirib ki, bu gün özəl klinikaların əksəriyyətinibn reklamı ilə reallıqda təklif etdiyi xidmət üst-üstə düşmür: "Bir də görürsən ki, telekanalda hansısa özəl klinikanı reklam edirək dünyanın ən bahalı, tibbi baxımdan yeni icad ediləb avadanlığını alıb xidmət təklif edir. Tibdən xəbərsiz adamlar da bu reklamlara aldanır. Amma tibbdən az-çox başı çıxan adam başa düşür ki, sən demə bu aparat 40 ildir ki, bizim dövlət xəstəxanalarında istifadə olunurmuş. Bu yolla camaatı aldadıb müştəri cəlb edirlər. Bəh-bəhlə hansısa ölkənin məşhur həkimini, cərrahını Azərbaycana gətirdiklərini reklam edirlər. Bəllidir ki, öz ölkələrində məşhur olan həkimlərin baş-qaşımağa vaxtları yoxdur. Pasiyentlər onların qapsında növbəyə düzülür. Nəyinə lazımdır ki, onun o qədər məsafəni qət edib Azərbaycana gəlsin. Axı onlar öz ölkələrində dəfələrlə artıq qazanırlar".

A.Qeybulla bu cür aladıcı reklamlara bütün telekanallarda özəl klinikaların reklamında rast gəlindiyini söyləyir. Ekspert deyir ki, burada əsas məqsəd klinikala müştəri cəlb etmək, hər cür vasitə ilə klinikanın imicini qaldırmaqdır. Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov isə bu cür reklamların həqiqəti əks etdirib-etdirmədiyi barədə MTRŞ-da məlumat olmadığını söylədi: "Reklam Haqqında" qanunun tələbinə görə, yayımçılar hansısa bir qurğunu və sair reklam etdikdə, reklam verəndən bununla bağlı sertifikat tələb etməlidirlər.  Amma bəzən telekanallar bu tələbə əməl etmir. Reklam verənin istəyinə uyğun şəkildə reklam aparır. Bizim qurumda isə tibb üzrə mütəxəssislər olmadığından təbii ki, biz bu reklamların yalnış, yaxud da doğru olduğunu araşdıra bilmirik. Amma dərman preparatları ilə bağlı biz Səhiyyə Nazirliyinə məktub göndərmişik ki, onlar bizə reklamına icazə verilən dərmanların siyahısını yollasınlar". 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə qanunvericiliyin tələbinə əsasən hər hansı klinikanın reklamı zamanı telekanallarıb reklam edilən tərəfdən nazirliyin rəyini tələb etməlidir. Bizim rəy verdiyimiz reklamlarda istər klinikalar, istər də dərman preparatları ilə bağlı istehlakçıların aldadılması faktı ola bilməz. Amma çox təəssüf ki, bəzən telekanallar nazirliyin rəyini tələb etmədən hansısa özəl klinikanı, yaxud da dərman vasitəsini reklam edir. Bu zaman belə nöqsanlara yol verilir".

A.Qədirli istehlakçıların aldadılmaması üçün istər dərman vasitələrinin, istrər də özəl klinikaların telekanallarda reklamı ilə bağlı monitorinq apardıqlarını söyləyir. Onun sözlərinə görə, nazirliyin rəyi olmadan reklam edilən şirkətlərlə bağlı telekanallara, MTRŞ-ya məktub göndərilir.