Telekanalların xəbərlərində səhvlər var-MTRŞ-dan hesabat

25 Noyabr 2014 12:15 (UTC+04:00)

Milli Televiziya və Radio Şurası 2014-cü ilin sentyabr-oktyabr aylarına olan hesabatını açıqlayıb. 

Movqe.az "Qafqazinfo" istinadən xəbər verir ki, MTRŞ-ın bu gün keçirilən iclasında bildirilib ki, milli telekanallarda yayımlanan verilişlər monitorinq olunub. İTV, Xəzər, ANS, ATV, "Space" və Lider TV-də yayımlanan verilişlər, xüsusən də xəbər proqramları izlənilərək dil normalarının pozulması faktı aşkarlanıb. Normadan artıq sürətli nitq xəbərin təqdimatında analaşılmazlığa gətirib çıxarır. Şou verilişlərinin aparıcıları ədəbi dildə danışmağa üstünlük vermirlər. Xəbərlər proqramında balans gözlənilmir. Çox vaxt telekanallarda kiminsə bıçaqlanması, iki nəfərin davası kimi süjetlər təqdim edilir. Əksər aparıcılar efirdə birinci şəxsin təkində danışırlar. Ailə-məişət mövzusu daha çox müzakirə mövsusuna çevrilib. Xəbər aparıcıları sanki xəbər yox brifinq oxuyurlar. Ümumilikdə ədəbi dil normasından sapmanı əks etdirən 532 nümunə tədqiqata təlb olunub. Bunlardan 91-i Xəzər TV, 56-ı İTV, 89-u Space TV, 97-ı ANS TV, 90-ı Space, 85-i ATV-də müşahidə olunub. Hesabatda konkret məqamlar da qeyd olunub: "ATV telekanalında 15 sentyabr 2014-cü il saat 08:37-də yayımlanan reklamlarda "Güldürən kanal ATV bu mövsüm bomba kimi partlayacaq" ifadəsi dəqiq nitq sayılmır. "Öz aramızda" verilişində dialoq zamanı aparıcı Mətanət Əliverdiyevanın ifadələri nitqin dəqiqliyinə riayət edilməməsi kimi qiymətləndirilib.

Həmin dialoq:

-Bilmirəm, Mətanət bizi eşidir, ya yox.

Mətanət Əliverdiyeva:

-Bu boyda qulağım var, niyə eşitmirəm.

Tədbirdə çıxış edən MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib ki, televiziyaların tərkibində bədii şura yaradılıb. Amma MTRŞ-nın bu şuraya nəzarət etmə imkanı yoxdur: "Son dövrlər milli televiziyalarda irəliləyiş var. Belə ki, şou verilişlərinin sayı azalıb. İntellektual verilişlərin sayında artım var. Azərbaycan ictimaiyyətində belə bir fikir formalaşıb ki, öz telekanallarımızda heç nə tapmırıq. Ona görə də xarici kanallara baxırıq. Hesab edirəm ki bizim televiziyaların fəaliyyətində irəliləyiş var. Televiziya rəhbərləri qeyd edir ki, onlar da milli mənəvi dəyərlərlə bağlı verilişlərin hazırlanması istəyir. Onları da başa düşmək lazımdır. Bu gün telekanalların reklam, kadr çatışmazlığı problemi var".