Nazirlikdən ana ölümünə bais olan həkimlə bağlı-RƏSMİ AÇIQLAMA

25 Noyabr 2014 12:35 (UTC+04:00)

Səhiyyə Nazirliyi İsmayıllı rayon Mərkəzi Xəstəxanasında qeydə alına ana ölümü faktı ilə bağlı Movqe.az-a açıqlama verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli faktı təsdiqləyərk bildirib ki, 1982-ci il təvəllüdlü  Ağayeva Afət Balaqardaş qızı 22 noyabr tarixində xətəxanaya daxil olub:" Doğuş normal keçib, 3,5 kiloqram çəkidə,52 sm uzunluğu olan qız uşağı dünyaya gəlib. Doğuşdan dərhal sonra qanaxma baş verib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadının sonuncu hamiləliyi 11 il əvvəl olub. Uşaq isə sağ-salamatdır. Onun tələf olması xəbəri yalnışdır". 

A. Qədirli doğuşu aparan həkimin,  Məlahət Hüseynovanın əlində 2012-ci ildə də ana ölümü qeydə alındığını təsdiqləyib.  Bildirib ki, həmin hadisədə həkimin günahı öz təsdiqini tapmayıb. Onun sözlərinə görə, hazırda meyid üzərində tibbi ekspertiza aparılır, ana ölümü ilə bağlı Nazirliyin Doğuşayardım Komissiyası tərəfindən araşdırmalara başlanılıb. 

Xatırladaq ki, AzVision.az-ın əldə etdiyi məlumata görə, rayonun Quşencə kənd sakini Ağayeva Afət Balaqardaş qızı doğuş zamanı dünyasını dəyişib. Körpənin də həyatını xilas etmək olmayıb. Onu təcili olaraq Bakıya aparsalar da körpə yolda keçinib. Hadisədən xəbər tutan xəstənin yaxınları xəstəxanada qarşıdurma yaradıblar. Xəstənin ailə üzvləri A.Ağayevanın həkim günahından öldüyünü bildiriblər. "Afətin heç bir xəstəliyi, problemi yox idi. Onu həkimlər öldürdülər"-deyə xəstənin yaxınları əməliyyat aparan həkimdən şikayət edəcəklərini deyiblər. Qeyd edək ki, A.Ağayeva 3 uşaq anası olub. Doğuşu həkim Məlahət Hüseynova aparıb. Maraqlı fakt odur ki, M.Hüseynovanın adı bundan öncə də daha bir ana və körpə ölümündə hallanmışdı. Belə ki, ötən ilin iyunun 28-də Lahıc qəsəbə sakini, 1981-ci il təvəllüdlü Ağabalayeva Şəhla Aydın qızı da doğuş zamanı dünyasını dəyişmişdi. Hadisədə təqsirləndirilən həkim M.Hüseynova 6 ay doğuşa girmək qadağan edilmişdi. Hadisə ilə bağlı hazırda araşdırma aparılır.