Vüqar Səfərli: Bu gün televiziya və radio sahəsində işləyənlərin çoxu qeyri-peşəkarlardır
25 Noyabr 2014 12:45 (UTC+04:00)
Azərbaycan ədəbi dilinin qorunmasında televiziya
və radio kanalları daha böyük məsuliyyət daşıyır, çünki qəzetlərə
və digər mətbuat orqanlarına nisbətən televiziya və radio kanalları
daha böyük auditoriyanı əhatə edir. Trend-in məlumatına görə, bu
barədə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli "Azərbaycan teleradio məkanında ədəbi dilin
qorunması" layihəsi əsasında MTRŞ və AMEA-nın Nəsimi adına Dilçilik
İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının
ədəbi dil normalarına riayət etməsi sahəsində 2014-cü ilin
sentyabr-oktyabr aylarında aparılmış monitorinqlərin nəticələri
barədə keçirilən mətbuat konfransında
deyib. V.Səfərli bildirib ki, bu gün
Azərbaycan televiziya və radio kanallarında xarici sözlərdən
tez-tez istifadə olunur və insanlar da belə ifadələri eştimək
məcburiyyətində qalırlar.
KİVDF rəhbəri televiziya və radio kanallarında
işləyən insanların peşəkarlığının aşağı səviyyədə olduğunu qeyd
edib: "Bu gün televiziya və radio sahəsində işləyən insanların çoxu
peşəkar olmayan, öz işini bilməyənlərdir".
Fondun icraçı direktoru problemin həlli üçün
təkliflə çıxış edib: "Mən təklif edirəm ki, müəyyən təlimlər təşkil
edilsin və televiziya və radio əməkdaşları təlimlərə getsin, öz
peşəkarlıqlarını artırsın. Biz Fond olaraq həmin təlimləri
dəstəkləməyə hazırıq. Necə ki, neçə ildir monitorinqlərin
aparılmasına dəstək veririk. Ədəbi dilin qorunması hamımızın
borcudur və hesab edirəm ki, hər birimiz bu istiqamətdə iş aparsaq,
müsbət nəticələrə nail ola bilərik".