“Evim də, maşınım da kreditdədir” – Deputat
25 Noyabr 2014 14:18 (UTC+04:00)
Milli Məclisin deputatı Elmira Axundova bankların
təqdim etdikləri kredit faizlərinin yüksəkliyindən
narazıdır.
O, AzVision.az-a açıqlamasında bildirib ki,
hazırda həm maşını, həm də evi
kreditdədir: "Ödənişlərlə bağlı heç
bir problemim yoxdur. Çünki vaxtında ödənişlərimi edirəm. Hesab
edirəm ki, kredit faizləri həddindən artıqdır. Maşın 30 minədir,
amma 50 min manat ödəməlisən. Faktiki olaraq iki maşının pulunu
ödəyirsən. Mən yüksək faizlərdən narazıyam. Xüsusi ilə camaat maşın
alan zaman çox çətinlik çəkir. Mənim evimdə köməkçim var. 8 minlik
maşın kreditə götürüb, amma 18 min ödəməlidir. Bu insafsızlıqdır və
qazandığı pulları kreditə ödəyir. Camaata güzəştlər edilməlidir.
Onların güzəranları elə də yaxşı deyil ki bütün maaşlarını kreditə
ödəsinlər. Ona görə mən çox istəyirəm ki, faizlər aşağı salınsın.
Hərçənd ki, banka pulumuzu qoyanda bizə 9-10 faiz verirlər. Amma
biz həmin banklardan kredit götürəndə 18-20 faizlə verirlər. 5-6
faiz endirilsə bu rəqəm normal olar".
Daha sonra E. Axundova qeyd edib ki, hazırda oğlu
və özünün adına da kreditlər götürüblər:
"Bizdə hamının adına kredit var. İndi kreditdən
istifadə etməyən adam yoxdur. Mənim oğlum və özümün adımda iki
kredit var. Borcumuz olduğu üçün yüksək məbləğdə kredit götürmüşəm
və evimi girov qoymuşam. Faiz yüksək olduğu üçün çox çətindir. İndi
kreditsiz ailə yoxdur",-deyə millət vəkili
bildirib.