Ceyran və Nar Bakı 2015 Avropa Oyunlarının rəsmi simvolları elan olunub

25 Noyabr 2014 17:15 (UTC+04:00)

Bu gün Bakı 2015 Avropa Oyunları Ceyran və Narı ilk dəfə olaraq keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib. Movqe az  APA-ya istinadən  xəbər verir ki,   Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. Bu cütlük Bakı 2015-in təbliğatında brend rolunda çıxış edərək, bütün dünyada I Avropa Oyunlarının simvoluna çevriləcək.Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək.Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq.Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng Bakı 2015 brendində əks edilərək artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Azərbaycanın gənclər və idman naziri, Bakı 2015-in baş icraçı direktoru cənab Azad Rəhimov deyib ki, Bakı 2015-in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər: "Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar I Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər".Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq bildirib ki, bu simvollar ilk Avropa Oyunları üçün çox əhəmiyyətlidir: "Onları Bakı 2015 ailəsində salamlamağa çox şadıq. Ceyran Oyunların və Azərbaycanın zəngin irsinin zərif mədəniyyət elçisi olacaq. Nar Oyunların enerjisini, həyəcanını və əyləncəsini təmsil edir və idman sahələrində keçirilən yarışlarda iştirak edəcək".Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna söyləyib ki, simvollar illüstrasiya olaraq yaradılıblar, amma tezliklə animasiyalı və real görünüşə sahib olaraq Avropa Oyunları merçendayzinqinin bir hissəsi olacaqlar: "Biz Avropa Oyunlarının əyləncəli və rəngarəng olmasını istəyirik. Ümid edirik ki, Ceyran və Nar bütün Azərbaycanda məşhurlaşacaq".2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.