Azərbaycanın müharibə hüququndan istifadəsi Ermənistanın məhvi olacaq

26 Noyabr 2014 08:20 (UTC+04:00)

"Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin alternativi yoxdur". Bunu NATO-nun baş katibi Yens Stoltenberq NATO Parlament Assambleyasının Haaqada keçirilən iclasında deyib: "Bunun siyasi yolla həllindən başqa alternativi yoxdur. NATO danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsi üzrə möhkəm sülh şəraiti yaratmaq üçün Minsk prosesini dəstəkləyir". Qeyd edək ki, əslində, bütün beynəlxalq təşkilatların bəyanatları oxşar sülh çağırışlarının, məsələhətlərinin üzərində qurulur. Ancaq nədənsə, ərazisi hələ də işğal altında qalan Azərbaycanın müharibə haqqı heç vaxt dilə gətirilmir. Özü də bu haqq Azərbaycaan beynəlxalq hüquqla verilir. Digər tərəfdən beynəlxalq qurumlar məsələnin sülh yolu ilə həllini istəyirlərsə, nəyə görə işğalçı dövlətə sanksiya tətbiq etmirlər?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirir ki, bu məsələ ilə bağlı həmişə məlum mövqe olub: "Bütün beynəlxalq təşkilatlar münaqişənin hərbi həlli yolunun olmadığın deyib. Bu da təsadüfdən deyil. Poblemin hərbi yolla həllinə cəhd olunsa, Rusiya müdaxilə edə bilər. Ondan sonra Cənubi Qafqaz bölgəsində Rusiyanın mövqeləri daha da güclənə bilər. Bunu da beynəlxalq təşkilatlar istəmirlər. Bu baxımdan münaqişənin siyasi yolla həllinə çalışırlar. Amma Rusiya da bunu başa düşür. Ermənistanı müxtəlif vasitələrlə istənilən danışıqlarda sabotaja çəkir. Elə qeyri-məqbul şərtlər irəli sürür ki, Ermənistan hər dəfə danışıqlar prosesindən yayınır. Əsas məsələ budur. Amma indiki siyasi həll yolu çağırışları ondan irəli gəlir ki, Rusiyanın mövqeləri zəifləməkdədir. Bu porses davam edərsə, Rsuiyanın təsir imkanları da zəifləyəcək. Belə olduğu halda Rusiyanın nəzarətindən ilk çıxan dövlət Ermənistan olacaq. Bu zaman münaqişənin həlli siyasi yolla mümkün ola bilər".

Politoloq əlavə etdi ki, Ermənistana sanksiya tətbiq olunmayacaq: "Çünki, əgər söhbət siyasi üsulla həlldən gedirsə, tərəflərin birinə sanksiya tətbiq etmək bu yolu bağlayır. Ermənistan onsuz da sabotaj edir. Ermənistana bəhanə vermək istəmirlər. Çünki, sanksiyaların tətbiq edilməsi Ermənsitanı Rusiyaya daha çox bağlayacaq. Hazırki Ermənistan hakimiyyəti Rusiya ilə müəyyən fikir ayrılığına malikdir. İndi ona sanksiya tətbiq etmək, onlar arasındakı fikir ayrılığını itirə bilər".

Digər politoloq Fərhad Mehdiyev qeyd edir ki, Azərbaycanın müharibə hüququn olduğu beynəlxalq təşkilatlara da bəllidir: "Sadəcə, beynəxalq güclər regionda yeni müharibənin alovlanmasını istəmirlər. Bu, onların maraqlarını təhlükə altına qoyur. Həm də müharibənin gedişində "Gürcüstan variantı"nın ola biləcəyindən qorxurlar. Hesab edirlər ki, Azərbaycanın müharibə hüququnu dilə gətirsələr, bu, vəziyyəti dəyişə bilər. Digər tərəfdən, həmin dövlətlərdə güclü erməni lobbisi var. Erməni lobbisi onları bu cür bəyanatlar verməyə imkan vermir. Çünki, müharibə Ermənistanı daha pis vəziyyətə sala bilər. Amma BMT-nin nizamnaməsinə görə, Azərbaycanın zəruri müdafiə hüququ var".

Politoloqun sözlərinə görə, beynəlxalq hüququn təsir dərəcəsi o vaxt ortaya çıxır ki, burada böyük güclərin birbaşa marağı olsun: "Məsələn, ABŞ-ın burada birbaşa böyük marağı yoxdur. Çünki, Konqres, Senat sistemini nəzərdən keçirsək, "907-ci düzəliş"in ləğv olunmamasında, Dağlıq Qarabağa və Ermənistana edilən maddi yardımda erməni lobbisinin fəaliyyəti görmək mümkündür. Beynəlxalq hüquqda sözünü deyəcək ikinci dövlət Rusiyadır. Rusiyanın da Dağlıq Qarabağ məsələsində mövqeyi bəlidir. BMT-nin qərarlarında isə Rusiyanın veto hüququ var. Odur ki, hələlik Ermənistana tətbiq ediləcək sanksiyalar barədə düşünmürlər".