"Total" şirkətinin Xəzərdə qazma işləri ilə bağıl iradları əsassız sayıldı

26 Noyabr 2014 09:54 (UTC+04:00)

"Üzən qazma qurğularının çatışmazlığı Xəzərdəki işlər üçün çətinlik yaradır". Belə bir açıqlama ilə Fransanın "Total" şirkətinin inkişaf üzrə meneceri Erik Mayer çıxış edib. E.Mayerin fikrincə, Xəzərdə digər problem onun akvatoriyasına iri gəmilərin daxil olması və Volqa-Don kanalına keçidlə bağlı çətinlikdir.

Neft qaz məsələləri üzrə mütəxəssis Zəfər Vəliyevin fikrincə, hazırki neft hasilatı fonunda əlavə qazma qurğularının quraşdırılmasına ehtiyac yoxdur. Buna yalnız hasilatın artırılması nəzərdə tutulduğu halda gedilə bilər: "Hazırda Xəzərin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yatağında ilin 9 ayı ərzində sutkalıq 655 min barrel neft hasil olunub. Bu rəqəmə Dövlət Neft Şirkətinin quruda olan yataqlarının hasilat kvotası aid deyil. 2013-ci ildə də Azəri-Çıraq-Günəşlidə ümumilikdə 32 milyon 200 min ton xam neft hasil edilib. Həmin yataqla bağlı bu rəqəm normal sayıla bilən bir rəqəmdir. Xəzərin Azərbaycan sektorundakı neft yataqlarında sutkalıq hasilatı artırmaq məqsədi güdülürsə, onda ora əlavə investisiya xərcləri də qoyulmalıdır. 2014-cü ildə Azəri-Çıraq-Günəşli yatağında əməliyyat xərclərinə hardasa 700 milyon dollar vəsait xərclənib. Kapital qoyuluşu xərcləri isə 1,741 milyard dollar təşkil edib. Bu rəqəmdən açıq-aydın sezilir ki, istənilən neft qaz yatağında hasilatı artırmaq istəyiriksə, onda ora kifayət qədər investisiya xərclənməlidir. Xəzərin Azərbaycan sektorunda da neft qaz hasilatını artırmaq lazımdırsa, onda yeni quyuların qazılması, qazma qurğularının quraşdırılmasına ehtiyac var. Bunların da hamısınına arxasında əlavə kapital qoyuluşu dayanır. Amma hesab edirəm ki, Azərbaycanın Xəzər dənizindəki neft yataqlarından söhbət gedirsə, bu istiqamətdə ölkənin kifayət qədər qazma qurğuları vardır. Həmin qurğular hazırki hasilata bəs edir. Gələcəkdə, hasilatın miqdarını daha yüksək həcmə çatdırmaq məqsədi güdülərsə, təbii ki, yeni qazma qurğularının da hazırlanmasına ehtiyac duyulacaq. Məsələn, "Şahdəniz" qaz kondensat yatağının artıq ikinci mərhələsinə başlanılacaq və bu istiqamətdə yeni qazna qurğularına ehtiyac hiss ediləcək. Hazırda Xəzər hövzəsi dövlətləri arasında fəaliyyət göstərən üzən qazma qurğuları İran, Qazaxıstan, Türkmənistan və Rusiya ilə müqayisədə ölkəmizdə daha çoxdur. Bu baxımdan Azərbaycanın yanacaq enerji siyasətinin ana xətti ondan ibarətdir ki, yaxın perspektivdə ölkədə neft hasilatı ortalama 40 milyon ton civarında saxlanılsın. Bunun üçün də Xəzərin Azərbaycan sektorunda mövcud olan qazma qurğuların kifayətdir. Yalnız neft hasilatının artırılması nəzərdə tutulduğu halda yeni qazma qurğularının qazılmasına da ehtiyac yaranacaq. Amma bunun üçün də məhsuldar yeni yataqların olması da vacibdir".

Ekspert İlham Şaban isə qeyd etdi ki, "Total" şirkəri menecerinin söylədiyi həmin fikirlər sırf texniki məsələlərlə bağlı olaraq səslənən fikirdir: "Əslində "Total" şirkəti menecerinin dediklərinin ölkəmzidə mövcud olan qazma qurğuları ilə heç bir əlaqəsi yoxdur. Erik Mayer "Abşeron" yatağındakı hasilatın nəyə görə yubanması səbəblərini mətbuata izah edərkən bu kimi fikirlər səsləndirib. 250 milyard kubmetrə yaxın qaz ehtiyatı olan "Abşeron" yatağında ancaq 10 ildən sonra ilkin qaz hasilatı planlaşdırılır. Erik Mayer də nədən hasilatın 2020-ci ildən sonra başlanacağına, yəni məsələnin hansı səbəbdən yubanmasına aydınlıq gətirib və bu zaman orada qazma qurğularının az olduğuna işarə vurub. Həmin an bildirmişdi ki, ikinci qiymətləndirmə qurğusu ancaq 2017-ci ildən sonrakı dövrə təsadüf edə bilər və istismaq quyusu ancaq 2019-cu ildən sonra qazılmağa başlayacaq. Bu da ona gətirib çıxaracaq ki, 2021-ci ilin 4-cü rübündə gözləmək olar ki, "Abşeron" yatağında hasilat başlasın. Yəni Mayerin dedikləri sırf texniki məsələlərlə bağlı olan məqamdır".