Parisdə “Bakı 2015” Birinci Avropa Oyunlarının təqdimatı keçiriləcək
26 Noyabr 2014 11:40 (UTC+04:00)
Noyabrın 26-da Heydər Əliyev Fondunun
təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə
Parisdə "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimat mərasimi
keçiriləcək. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat
verilib.
Tədbir çərçivəsində qonaqlar "Baku 2015"ə həsr
olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış
olacaqlar.
"Biz birlikdə" adlanan bu sərgidə Azərbaycan
heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra
tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film
təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan
hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən
digər tədbirlər əksini tapıb.
Qara Qarayev adına Azərbaycan Dövlət Kamera
Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus
rəng qatacaq.
Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun
Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim
ediləcək.
Qeyd edək ki, Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul
şəhərlərində "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimatı
keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və
mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd olunan
tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları,
eləcə də ölkəmizin bu yarışlara hazırlığı barədə digər ölkələrin
izləyicilərinə məlumat vermək, Azərbaycanın mədəniyyət və
incəsənətinin, adət-ənənəsinin təbliğidir.