Safruh - 75 yaş

26 Noyabr 2014 15:17 (UTC+04:00)

Mütləqə İnam Ocağının Ruhani Mərkəzində - İnam Evində Ocağın Ruhsal Başçısı Safruhun 75 yaşı münasibətilə toplantı keçirilib. Movqe.az xəbər verir ki, toplantıda Ocaqçılar, İnamçılar, aydınlar iştirak ediblər. Safruh Mütləqə İnam ideyasının ömürləşməsi gərəkliyindən danışıb: "Gərək dəyərini cəmiyyətə verəsən. Atanın ideyaları Evladlarının inamında, hiddətində iş görə bilər". Safruh Ocaqda olduğu onillər ərzində ömrünün mənasının Atanın ideyasına uyğun olaraq əsilliyin qorunması olduğunu bildirib. Professor Nizami Tağısoy Safruhun Azərbaycan ictimai mühitindəki özünəməxsus mövqeyindən danışıb. O, Asif Ata Ocağının ideyalarının sabahımız üçün gərəkliyini diqqətə çatdırıb: "Sizi zəngin, çətin, mürəkkəb həyat yolunuzun 75 ili münasibətilə təbrik edirəm".

Ocaq Yükümlüsü İşıqlı Atalı Safruhun İnam Ata (Asif Ata) yolunda 40 illik yol gəlməsindən, Ocaq Yolunda imtinalara yetməsindən, əqidə ilə nəfəs almasından danışıb. Tanınmış aşıq Məhərrəm Hüseynli Asif Ata Ocağına, İnam Ataya, Safruha sayğısını ifadə edib. O, Safruhun kitablarını oxuduğunu, bu kitabların zəngin həyat təcrübəsinə əsaslandığını bildirib. Şair Zaməddin Ziyadoğlu Asif Ata Ocağına hər gəlişindən mənən güc aldığını, Ocağın xalq ruhuna, dəyərlərinə ciddi, yaradıcı, yaşadıcı yanaşdığını bildirib, Safruhu kutlayıb, ulusal yöndə şeirini oxuyub. Uluruh Atalı Safruha sevgisini ifadə edib, onunla ruhani anlaşmaya yetdiyini deyib.

İnamyurd Atalı Ocağa bağlanmasında Safruhun rolundan danışıb. Nurayaz İnamsoy Safruhu kutlayıb, ona həsr etdiyi şeirini oxuyub. Eltay çıxışında insanlıq yönündə duyğularını bölüşüb, şeirini oxuyub. Toplantıda eləcə də Güvən, Kifayət, Doğma, Hüseyn müəllim, Davud Səidoğlu, Güntəkin və başqaları çıxış edib, Safruha ürək sözlərini yetiriblər.