İş üzrə çoxsaylı
dindirmə, üzləşdirmə, baxış, götürmə və sair istintaq hərəkətləri
yerinə yetirilmiş, yanğının başvermə səbəblərinin, ona şərait
yaradan halların, Mərkəzdə tikinti-tamamlama işlərini yerinə
yetirən "DİA Holdinq" və onun subpodratçı şirkətlərinin yanğın
təhlükəsizliyinin təmin edilməsi sisteminə, yanğına qarşı rejim
qaydalarına riayət edib-etməmələrinin müəyyənləşdirilməsi üçün
Yanğın-texniki, dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün
Tikinti-texniki, həmçinin hadisə yerinə baxış zamanı götürülmüş
maddi sübutlar üzrə kompleks Fiziki-kimyəvi və Daktiloskopik
ekspertizalar təyin olunub.
İstintaqın ilkin mərhələsində toplanmış sübutlarla, o cümlədən
çoxsaylı şahid ifadələri, hadisə yerində aşkar edilərək götürülmüş
maddi sübutlar, təxirə salınmadan keçirilmiş əməliyyat-axtarış
fəaliyyətinin məlumatları və sair sübutlarla müəyyən edilmişdir ki,
"DİA Holdinq"in üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət
edilməsi vəzifəsi qoyulmuş əməkdaşları tərəfindən cari il iyulun
19-u və 20-də Mərkəzin muzey hissəsinin tavan örtüyündə panel
lövhələrinin bir-birinə metal konstruksiyalı xüsusi detallarla
bərkidilib tənzimlənməsi işlərinin yerinə yetirilməsi zamanı yanğın
baş verməsi və yayılması imkanlarının qarşısının alınmasının təmin
edilməsi üçün müəyyən olunmuş yanğın təhlükəsizliyi qaydaları
lazımi səviyyədə təşkil edilməmişdir. Belə ki, holdinqin mühəndisi
Kaya Ümit Ruşen İhsan oğlu və subpodratçı "Treysan" firmasının iş
icraçısı (iş formeni) Şimşək Vedat Halit oğlu tərəfindən
"Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın
1.2-ci və 1.10.1-ci bəndləri, 3-4-80 №-li "Tikinti norma və
qaydalarının" 6.17-ci bəndi və 12.3.3.003-75 saylı DÜST-nin
"Elektrik qaynaq işlərinin ümumi təhlükəsizlik tələbləri"nin
1.3-cü, 3.2-ci və 6.3-cü bəndlərinə əsasən yanğın təhlükəsizliyi
təmin edilərkən standartlara, tikinti norma və qaydalarına,
texnoloji
layihələşdirmə normalarına ciddi riayət edilməli, binalarda açıq
elektrik qaynaq işlərinin yerinə yetirildiyi sahələrlə digər iş
yerlərinin yanmayan ekranlar, örtüklər, lövhələr vasitəsilə
ayrılmalı, açıq qövslə görünən elektrik qaynaq işlərinin yerləri
yanmayan örtük və lövhələrlə mühafizə olunmalı, daimi və müvəqqəti
qaynaq məntəqələrində yanğının yaranmasını istisna edən tədbirlər
görülmədən elektrik qaynaq işlərinin aparılmasının qadağan
edilməli, elektrik qaynaq işlərinə yalnız bütün yanğın
təhlükəsizlik tələbləri, yanğın mühafizə texnikasının mövcudluğu,
iş yerinin yanan materiallardan təmizlənməsi, yanan
konstruksiyaların mühafizəsi təmin edildikdən sonra başlanılmasına
icazə verilməli olduğu halda, bu qaydaların tələblərinə əməl
etmədən qeyd olunan sahədə montaj işlərinin həyata keçirilməsi
zamanı elektrik və qaz qaynağı aparatlarından istifadə edilməsinə
dair "Treysan" firmasının qaynaqçısı Karahan Ömər Şərif Ömər oğluna
qanunsuz göstərişlər verilmişdir. Ö.Karahanın həmin qaydaların
tələblərini pozmaqla elektrik və qaz qaynağı aparatlarını muzeyin
tavanında panellərin arasına qaldırıb iyulun 20-də orada
qığılcımlar üçün qoruyucu örtük, lövhə yaratmadan qaynaq işləri
aparması nəticəsində həmin gün saat 11:30-da Mərkəzin muzey
hissəsinin tavanında onun fəaliyyətinin pozulması və digər ağır
nəticələrə səbəb olan yanğın hadisəsi baş verib.
Törətdikləri cinayət əməllərinə görə Kaya Ümit Ruşen İhsan oğlu,
Karahan Ömər Şərif Ömər oğlu və Şimşək Vedat Halit oğlu
təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin
225.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilməklə
barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə Mərkəzdə görülən işlər zamanı yanğın
təhlükəsizliyi qaydalarına riayət edilməsinə nəzarəti həyata
keçirməli olan məsul şəxslərin müəyyənləşdirilməsi və digər
istiqamətlər üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam
etdirilir.