Falçı qurbanına çevrilənlər

27 Noyabr 2014 07:31 (UTC+04:00)

Anti-reklamın özü reklam olmasına baxmayaraq, yazmamaq da mümkün deyil. Bir şəxsin bir falçıya 3500 manat pul verməsi hər ikisinin "savad"ından xəbər verir. Söhbət bir neçə gün əvvəl Könül adı ilə falçılıqdan 3500 manat qazanıb, amma sonradan polis tərəfindən tutulan Vüsalə Səfiyevadan gedir. Ancaq belə fırıldaqçılıq nə ilk, nə də sonuncu hadisə deyil. Çünki, təxmini hesablamalar il ərzində 200 milyon manat civarında vəsaitin məhz falçılığa xərcləndiyini deyir. Çıxış üçün isə müxtəlif təkliflər irəli sürülür. Məsələn, bəzi ölkələr sözügedən əməli lisenziyalaşdırır və fəaliyyətdən vergi tutur. Ölkəmizdə isə əməl fırıldaqçılıq kimi qiyəmtləndirilir və bu fırıldağa görə həbs olunanlar var.

Mütəxəssislər isə vəziyyətədən çıxış yolu kimi inzibati üsulu yox, elmi biliyin yüksəldilməsini məqbul görürlər. Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu hesab edir ki, insaların falçılara meyl etməsinin kökündə elmi biliklərinin az olması dayanır: "Hazırda dini kitablar üzərində qurulmuş dini sistemlər çoxdur. Bu məsələdə siyasət, digər maraqlar ortaya çıxır. O dini sistemlərin daşıyıcısı olan insanlar çox vaxt dini kitabları düzgün mənimsəmir və bununla da əhaliyə düzgün mahiyyət çatdırmırlar. İnsan da oxuduğunu yaxşı mənimsəməyəndə təbii olaraq, özündən fantaziyalar yaratmağa başlayır. Bu da elmdən kənardır, cəhalətdir. İnsan az biliyi ilə daha çox öz fantaziyalara uyur. Adətən insanların içərisində həmişə qaranlıq bir məqam olur ki, bu da falçılara maraq oyadır. Bunlar onu göstərir ki, cəmiyyətdə dünyəvi elmlərə, elmli insanlara münasibət zəifləyib. Yəni, nə qədər ki, cəhalət var, o qədər də falçılara tələbat olacaq. Tarixin hər dönəmində belə şəxslərə rast gəlmək mümkündür. Dinimiz isə bunu məsləhət görmür".

Sosioloq bildirir ki, insanların hisslərindən istifadə edib, fırıldaqçılar reklam olunmamalıdır: "Elmin, dinin yardımı ilə insanlar arasında ciddi təbliğat aparılmalıdır. Eyni zamanda ölkədə təhsilə, elmə diqqət getd-gedə daha da artırılmalıdır. Elmin cəmiyyətdə bir nüfuzu olmalıdır ki, insanlar falçıya yox, alimə inansınlar".

Digər sosioloq Asif Bayramov da falçılara inamın əsasən savadsızlıqdan irəli gəldiyini düşünür: "Heç falçıların özləri özlərinə inanmırlar. Eyni zamanda bu gün istənilən qədər mərc oyunları keçirilir. Falçılar öz "bilik"lərindən istifadə edib, hansı birindən qazana biliblər? Dünya elmi-texnikanın inkişaf səviyyəsini yaşayır. Ancaq buna rəğmən, falçılara maraq hələ də azalmayıbsa, bunun kökündə bəzi konkret stimullar və səbəblər dayanır. Məsələn, cəmiyyətdə həmişə mistik şüur daşıyıcıları olub. Bəzən bunların sayı artır da. Eyni zamanda həlli çətin olan, sosial, psixoloji-mənəvi problemsiz cəmiyyət yoxdur. Probleminin həllini real həyatda tapa bilməyən insan daha çox xurafata meyl edir. Ancaq hazırda Azərbaycan üçün birinci səbəb daha çox xarakterikdir. Ölkəmizdə bəlkə də təhsil müəssisələri qədər dini müəssisələr var. Yəni, dini düşüncə daşıyıcılarının kəmiyyəti eyni empirik - praqmatik düşüncə daşıyıcıları qədərdir. Ancaq əsl dinin yox, dini xurafatın çiçəklənməsi cəmiyyətin perspektivləri üçün təhlükə törədə bilər. Son illər dini ekstrmizmin müsəlman dünyasındakı nəticələrini hər kəs görür. Bu cür sosial-psixoloji prosesləri dövlət qanunları ilə tənzimləməkdənsə, mənəvi qanunlarla, əxlaqi məcəllələrlə mübarizə aparmaq daha effektiv olar. Çünki, hansısa inzibatıçıq qarşı tərəfdə mütləq müqavimət şüuru yaradır. Müqavimət isə həmin şüur formasını çiçəkləndirir. Bu isə onların xurafat üzərində olan inanclarına inamı artırır. Ən yaxşı metod cəmiyyətdə elmə, təhsilə olan marağı artırmaqdır. Bunun üçün kifayət qədər stimullaşdırıcı alətlər var".