Qarabağ danışıqlarında yeni mexanizm

27 Noyabr 2014 08:51 (UTC+04:00)

Vəfa Quluzadə: "Danışıqlar üzrə yeni mexanizmin yaradılmalı olduğunu söyləyənlər həmin təzə mexanizmin nədən ibarət olduğunu desinlər"


Britaniyanın Transatlantik İnstitutunun direktoru Ziba Norman belə bir açıqlama ilə çıxış edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni danışıqlar mexanizminin yaradılması vacibdir. Xatırladaq ki, hazırda ATƏT-in Minsk qrupu formatında mövcud olan mexanizm özünü doğrulda bilməyib. Nəticə isə ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli uzanır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yeni danışıqlar mexanizminin yaradılması fikri cəlbedici görünür.

Politoloq Qabil Hüseynlinin fikrincə, yeni danışıqlar mexanizminin yaradılması vacibdir. Amma bu yeni mexanizm də ancaq qərarların icrasını tələb etmək gücündə olduğu təqdirdə, konfliktin həllinə töhfə verə biləcək: "ATƏT-in Minsk qrupu bu illər ərzində özünü pozitiv əsasda göstərə bilməyib. Onlar münaqişənin həlli istiqamətində real addımlar ata bilməyiblər və yaxud atmaq istəməyiblər. Ona görə də, həll prosesi üzrə danışıqlar mexanizminin dəyişdirilməsi vacibdir. ATƏT-in Minsk qrupu nə ilə isə əvəzlənməlidir. Həm də elə bir mexanizm yaradılmalıdır ki, o, sanksiya vermək, müəyyən təsirlər göstərmək gücünə malik olsun. Bu nöqteyi-nəzərdən yeni danışıqlar mexanizminin yaradılması ilə bağlı səslənən təşəbbüsü bəyənirəm. Eyni zamanda, ATƏT-in Minsk qrupunun formatının genişləndirilməsi, ya da tərkibinə yeni üzvlər qəbul etməklə də yeni mexanizm yaratmaq olar. Lakin yeni mexanizm də yalnız sanksiya vermək, təcavüzkar tərəfə təzyiq etmək fonunda işlək ola biləcək. Yalnız bu halda, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli prosesində irəliləyişə nail olmaq mümkün olacaq. Əks təqdirdə, yeni mexanizmlərdən də real nəsə gözləməyinə dəyməz".

Millət vəkili Sahib Alıyev də yeni formatın yaradılmalı olduğunu söylədi: "ATƏT-in Minsk qrupu formatı özünü doğrultmur. Münaqişənin həllinin bu günə qədər uzadılması da bunun təsdiqidir. Belə olan halda, təbii ki, danışıqların intensivləşməsi üçün yeni formatın yaradılmasına ehtiyac var. Amma məsələ ondadır ki, bu format yaradılarkən hər iki tərəfin maraqları, fikirləri nəzərə alınır. Məsələni mürəkkəbləşdirən məhz budur. Ən yaxşısı o olardı ki, yeni formatın yaradılmasındansa, vasitəçilik edənlər üzərlərinə düşən missiyanı ləyaqətlə, obyektiv şəkildə yerinə yetirərdilər. Amma hazırki format özünü doğrultmadı, bu, hər kəsə aydındır. Bunun üçün ekspert olmağa da ehtiyac yoxdur".

Politoloq Vəfa Quluzadə isə yeni mexanizmin yaradılmasını mənasız hesab etdiyini dedi: "Yaratsınlar da. Bunu hamı deyə bilər. Dünyada bütün insanları xoşbəxt etmək üçün gərək hamıya yaxşı pul paylayasan. Danışıqlar üzrə yeni mexanizmin yaradılmalı olduğunu söyləyənlər həmin təzə mexanizmin nədən ibarət olduğunu desinlər də. Normanın belə bəyanatını indiik halda mümkünsüz hesab edirəm".