Kometdə yerdənkənar həyatın izləri tapılıb

27 Noyabr 2014 09:23 (UTC+04:00)

Bu yaxınlarda "Rosetta" missiyası çərçivəsində 67PÇuryumov-Gerasimenko kometinin səthinə enən Philae tədqiqat modulu onun atmosferində orada həyatın mövcudluğunu nəzəri cəhətdən sübut edə biləcək üzvi birləşmələr aşkar edib. "Rosetta" missiyası Avropa Kosmik Agentliyi (ESA) və NASA tərəfindən həyata keçirilən proqramın bir hissəsidir. Dövretmə vaxtı 6 il 7 ay olan 67P Çuryumov-Gerasimenko kometi 23 oktyabr 1969-cu ildə kəşf edilib. Sovet astronomu Klim Çuryumov təsadüfən elə həmin ilin sentyabrında Alma-Ata Rəsədxanasından olan öz həmkarı Svetlana Gerasimenko tərəfindən çəkilmiş 32P Komas Sola kometinin təsvirinin yer aldığı fotoplastinkada fotoşəklin küncündə yerləşən daha bir obyekt görüb. Çuryumov əvvəlcə onu Komas Solanın fraqmenti hesab edib, lakin sonrakı fotoşəkillərin tədqiqi göstərib ki, obyekt ayrıca trayektoriya ilə hərəkət edib və yəqin ki, müstəqil səma cismidir... Nəticədə yeni komet hər iki astronomun şərəfinə Çuryumov-Gerasimenko kometi adlandırılb. 67P kometinin trayektoriyasının hesablamaları göstərib ki, onun orbiti dəyişkəndir. 1959-cu ilə kimi kometin perigeli (planet və ya komet orbitinin Günəşə ən yaxın nöqtəsi) Günəşdən 2,7 astronomik vahidə yaxın məsafədə olub. Sonra Yupiter planetinin təsiri altında bu məsafə 1,29 astronomik vahidə qədər qısalıb və indi hələlik dəyişməz olaraq qalır.

12 mart 2003-cü ildə ESA-nın növbəti kosmik missiyasını hazırlamaq məqsədilə "Hubble" teleskopu kometin üçölçülü modelini hazırlamağa və kometin nüvəsinin ölçülərini müəyyən etməyə imkan verən şəkillərini çəkib. 2004-cü il martın 2-də isə Fransa Qvianasında yerləşən Kuru kosmodromundan 67PÇuryumov-Gerasimenko kometinə "Rosetta" tədqiqat aparatı göndərilib. O, bu ilin avqustun 6-da 100 km məsafədə kometə yaxınlaşıb.

Noyabrın 12-də sərbəst enmə nəticəsində Philae modulu aparatdan ayrılıb və kosmik tədqiqatlar tarixində ilk dəfə uğurla kometə düşüb. Tədqiqatlar zamanı Philae tərəfindən tapılan üzvi maddələrin tərkibində Yerdəki həyatın əsasını təşkil edən karbon atomları vardır. Analiz birləşmələrin metan və ya metanol kimi sadə, yaxud da zülallar üçün inşaat materialı rolunu oynayan amin turşuları kimi daha mürəkkəb birləşmələr olduğunu göstərməlidir. Həmçinin Philae-nin bortunda yerləşən burğu vasitəsilə kometin səthindən bərk maddə nümunələri çıxarmaq mümkün olub, lakin onlarda üzvi maddələrin olub-olmadığı hələ araşdırılmayıb. Güman edilir ki, kometdə erkən Günəş sisteminin, tərkibi 4,5 milyard il ərzində dəyişilməz qalan maddələri mövcuddur. Əvvəlki tədqiqatların gedişində məlum olub ki, üzvi maddələr tozlu atmosferdə yarana bilər. 67PÇuryumov-Gerasimenko kometi tədqiqatçılara həyatın Yerə digər kosmik cisimlər tərəfindən gətirildiyini və ya onun başqa cür yarandığını anlamaqda kömək edəcək. Philae-dən alınmış məlumatların "Rosetta"nın avqustda kometin orbitində olduğu vaxt topladığı informasiya ilə müqayisə edilməsi planlaşdırılır. O vaxt zondun ötürücülərindən biri kometin nüvəsini əhatə edən qaz-toz buludunu tədqiq edib. Bundan başqa, "Rosetta" kometin, tezliyi 40-50 meqahers təşkil edən və onları səs diapazonuna çevirən elektromaqnit sahəsi rəqslərini yazıb. Əvvəllər 67P kometində, yəqin ki, kosmik cismin səthindəki qatın altından çıxan su, karbon oksidi və karbon dioksidi aşkar edilib. "Rosetta" həmçinin kometdə ammonyak, metan və metanol izləri də qeydə alıb. Oktyabrda missiya iştirakçıları kometdə formaldehid, kükürd dioksidi və hidrogen sulfidi aşkar etdikləri barədə məlumat veriblər. Əgər amin turşularının izlərini tapmaq mümkün olarsa, bu, sübut edəcək ki, Yerdə həyat kometlər tərəfindən gətirilmiş üzvi molekullardan yaranıb. Qeyd edək ki, noyabrın 14-də Philae-nin enerji ehtiyatları tükənib. Amma missiya rəhbərləri bir sıra manevrlər vasitəsilə onun batareyalarından birini Günəşə yaxın tərəfə yönəldə biliblər və bu da gələn il- komet Günəşə yaxınlaşan vaxt aparatın yenidən işlək vəziyyətə gələcəyinə ümid verir.

"Biz əminik ki, yaxın aylarda Philae-nin işini bərpa etmək üçün kifayət qədər işıq və enerji alacağıq"- Almaniya Aerokosmik Mərkəzdən olan mütəxəssislər bildiriblər.