Sürücülər cərimələnəcək

26 Noyabr 2014 19:39 (UTC+04:00)
Yağışlı havada piyadaların üzərinə su sıçradan sürücülərə Baş Dövlət Yol Polis İdarəsi xəbərdarlıq edib. 

ANS TV-nin məlumatına görə, Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirdi ki, yağışlı havalarda sürücülər maşınları ehtiyatlı sürmək əvəzinə daha da sürətli sürürlər. Bu isə yoldan keçən piyadalar üçün problem yaradır. Amma elə sürücələr də var ki, qəsdən gölməçələr olan yerdə avtomobilin alt hissəsinin yuyulması üçün və ya digər məqsədlə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edir və piyadaların üzərinə çirkli su sıçradır. Belə sürücülər isə inzibati xətalar məcəlləsinə əsasən 40 manat miqdarında cərimələnirlər.

Kamran Əliyev məsləhət gördü ki, piyadalar bir qədər kənarda dayanıb avtomobilin hərəkətinin bitməsini gözləsinlər. Çünki sürücü ola bilər ki, avtomobili 20-30 km-lə idarə etsin, belə olduğu halda nəqliyyat vasitəsinin təkəri çalaya düşə və bu istər-istəməz su sıçrayışına səbəb ola bilər. 

Odur ki, yağışlı havada yola çıxarkən daha da ehtiyatlı olun. Əks halda 40 manatınızdan keçəməli olacaqsınız.