Birinci xanım Parisdə təqdimatda
27 Noyabr 2014 10:47 (UTC+04:00)
Parisdə "Bakı 2015"in - ölkəmizdə keçiriləcək ilk
Avropa Oyunlarının təqdimatı olub.Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak
edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı və
Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə keçirilən təqdimat
mərasiminə bu ölkənin ictimai-siyasi dairələrinin nümayəndələri,
mədəniyyət və idman xadimləri qatılıblar. Qonaqlar əvvəlcə Azərbaycan heykəltəraşlarının "Bakı 2015" - ə
həsr olunan bürünc heykəllərindən ibarət sərgiyə baxıblar. "Biz
birlikdə" adlanan bu sərgidə 20-dən çox heykəltəraşımızın idmanın
müxtəlif növlərinin təsvir olunduğu əsərləri sərgilənib. Onların
hər biri müxtəlif cərəyanları nümayiş etdirməklə, özlərində ilk
Avropa Oyunlarının həyəcanını sənətin dili ilə dolğun əks etdirir.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif
nəşrləri, o cümlədən birinci Avropa Oyunlarına həsr olunan
bukletleri də təqdim edilib.Azərbaycanın
birinci xanımı, "Bakı-2015" Avropa Oyunlarının Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva mərasimdə çıxış edib. O, hamını səmimi
qəlbdən salamlayıb. "İlk Avropa Oyunlarının təqdimat mərasiminə xoş
gəlmişsiniz. Bildiyiniz kimi Avropa
oyunları Komitəsinin qərarı ilə ilk Avropa Oyunları Azərbaycanın
paytaxtı Bakı şəhərində gələn il keçiriləcək. Oyunlara altı mindən
çox idmançı qatılacaq və 20 idman növündə yarışlar
keçiriləcək.Şübhəsiz ki, Avropa Oyunları
Avropa idman tarixində yeni səhifə açacaq və ilk Avropa Oyunlarını
tarixdə birinci oyunlar kimi qalacaq yarışları hazırlamaq, qəbul
etmək və keçirmək Azərbaycan üçün böyük şərəfdir və böyük
məsuliyyətdir. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan
xalqı tərəfindən böyük dəstəklə qarşılanıb və mən Avropa Olimpiya
Komitəsinin prezidentinə və bütün üzvlərinə öz dərin
minnətdarlığımı çatdırıram.Əziz dostlar,
artıq 23 ildir ki, müstəqil Azərbaycan dünya xəritəsində öz layiqli
yerini tutub. Biz qədim tarix və mədəniyyətə malik olan xalqıq və
əsrlər boyu arzuladığımız müstəqillik bizim ən böyük sərvətimiz.
Müstəqillik dövründə əldə edilən uğurlar və nailiyyətlər Azərbaycan
xalqı üçün çox vacibdir.Azərbaycan
müstəqillik dövründə iqtisadi və siyasi islahatları bərabər
apararaq demokratiya prinsiplərinə əsaslanan azad cəmiyyət və güclü
iqtisadiyyat qurmağa nail olub. Bu gün ölkəmizdə bütün azadlıqlar
mövcuddur. Ölkədə azad internet fəaliyyət göstərir və əhalinin 70
faizindən çoxu bundan faydalanır.
Azərbaycan çox millətli və çox konfessiyalı
dövlətdir. Əsrlər boyu müxtəlif dinlərin və millətin nümayəndələri
ölkəmizdə qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşayıblar.
Müstəqilliyimiz bərpa olunduqdan sonra bu meyllər daha da güclənib
və təsadüfü deyil ki, Azərbaycan bu gün dünyanın multikulturalizm
mərkəzlərindən birinə çevrilib və bu yaxınlarda ölkəmizdə
Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb.Azərbaycan son illər ərzində dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən birinə çevrilib. Son on ildə Azərbaycanın iqtisadi
artımı üç dəfədən çox, büdcə xərcləri iyirmi dəfə artıb, yoxsulluq
və işsizliyin səviyyəsi beş faizə enib. Bu gün biz təhsil sisteminin inkişafına çox böyük diqqətlə
yanaşırıq. Təhsil sistemində mühüm islahatlar aparılır. Çünki hər
bir ölkə üçün, hər bir xalq üçün onun gələcəyi, onun gələcək
inkişafı və uğurları məhz insan amilindən, onun savadlı, bilikli
gənclərindən asılıdır. Ölkəmizdə son on il ərzində üç mindən çox
yeni məktəb inşa olunub və təmir edilib, yüzlərlə azərbaycanlı gənc
dövlətin dəstəyi ilə dünyanın aparıcı universitetlərində və ali
məktəblərində təhsil alır.Azərbaycanın
beynəlxalq arenada nüfuzu ildən ilə artmaqdadır və bu gün
Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunun sübutu
olaraq 155 ölkənin səsi ilə Azərbaycan dünyanın ən mötəbər
beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü
illər üçün qeyri daimi üzv seçilmişdi. İki həftə bundan əvvəl
2001-ci ildən üzv olduğumuz Avropa Şurasının Nazirlər Komitəsində
Azərbaycanın sədrliyi uğurla başa çatıb. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına da
öz töhfəsini verir. İki ay bundan əvvəl "Cənub" qaz dəhlizinin
təməli qoyulub və bir neçə ildən sonra Azərbaycan qazı Avropaya
nəql olunacaq və beləliklə, Azərbaycan Avropanın enerji
təhlükəsizliyinə daha da güclü töhfə verəcək.Biz Avropanın beynəlxalq qurumları ilə əməkdaşlıq qurmuşuq və
Avropa ölkələri ilə qarşılıqlı maraq və hörmət əsasında
münasibətləri qururuq. Fransa Avropanın aparıcı dövlətidir və
ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Fransa-Azərbaycan
əməkdaşlığı tamamilə yeni səviyyəyə qaldırılıb. Bu münasibətlər
siyasi, iqtisadi, humanitar sahələri əhatə edir. Parlamentlərarası
münasibətlər güclənir və çox şadam ki, mən Azərbaycan parlamentində
Azərbaycan-Fransa dostluq qrupuna rəhbərlik
edirəm.Bu il Fransada Azərbaycanın Dostları
Assosiasiyası bərpa olunub. Ölkəmizdə əllidən çox fransız şirkəti
fəaliyyət göstərir, yüzlərlə azərbaycanlı tələbə Fransanın
universitetlərində təhsil alır. Bakıda fransız liseyi artıq ilk
şagirdləri qəbul edir və paytaxtımızda Fransa universitetinin
açılması barədə danışıqlar aparılır. Bakıda " Ağ şəhər " adlı yaşayış mərkəzi inşa olunur və burada
aparılan tikintinin bir qismi fransız üslubunda, Parisin memarlıq
üslubunda inşa edilir. İdman sahəsində
ölkələrimiz arasında olan əlaqələr də inkişaf edir və mən ümid
varam ki, Avropa Oyunlarına hazırlıq dövründə yaradılan bütün
imkanlardan istifadə olunacaq və bu əlaqələr daha da
güclənəcək. Əziz qonaqlar, mən ölkəmiz
haqqındavə Fransa-Azərbaycan arasındakı dostluq əlaqələri haqqında
çox danışa bilərəm. Mən tədbir və idman barəsində
də də bir neçə söz demək
istərdim.Azərbaycanda idmana, olimpiya
hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən
biridir. Ölkəmizdə idman infrastrukturunun qurulmasına böyük
diqqətlə yanaşılır və son on ildə Azərbaycanda 40-dan artıq yeni
müasir olimpiya mərkəzləri inşa olunub. Biz idmançılarımızın
nailiyyətləri ilə fəxr edirik. Müstəqil ölkə kimi Azərbaycan
olimpiya oyunlarına 1996-cı ildən qatılıb və oyundan-oyuna
qazanılan medalların sayı artmaqdadır. Son yay olimpiya oyunlarında
yığma komandamız iki qızıl olmaqla on medal qazanaraq bu nəticə ilə
Avropa ölkələri arasında onbeşinci, ümumi iştirakçılar arasında isə
otuzuncu yeri tutub. Bu il Çində yeniyetmələr arasında keçirilən
olimpiya oyunlarında gənc atletlərimiz beşi qızıl olmaqla on iki
medal qazanaraq 200-ə yaxın iştirakçı ölkə arasında onuncu yeri
tutublar. Əlbəttə bu, böyük nailiyyətdir. Bütün bu faktları, o
cümlədən atletlərimizin bu uğurlarını, ölkə infrastrukturlarını,
idmana dəstəyi və əlbəttə ölkənin inkişafını nəzərə alaraq Avropa
Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirməyə
qərar verdi. Hazırlığa cəmi iki il yarım vaxt ayrılmasına
baxmayaraq Avropa Oyunlarını yay olimpiya oyunları səviyyəsində
keçirmək əzmindəyik. Bunun üçün bütün lazımi tədbirlər həyata
keçirilir, təşkilat komitəsi beynəlxalq idman qurumları ilə birgə
çalışır. İnşa olunan bütün idman obyektləri vaxtında tamamlanacaq
və hər birində yoxlama yarışları keçiriləcək.Bir neçə gün bundan əvvəl paytaxtımızda keçirilən Avropa
Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının iclası ilə bağlı
ölkəmizə gələn qonaqlar bütün hazırlıq işləri ilə yaxından tanış
olublar. Ümidvaram ki, ilk Avropa
Oyunları olimpiya hərəkatının prinsipləri olan dostluq, sağlam
rəqabət və həmrəylik şəraitində
keçiriləcək. Sonda əziz dostlar, sizi
bu tarixi oyunları izləmək üçün Azərbaycana dəvət
edirəm.Bu axşam bizimlə olduğunuza görə hər
birinizə öz dərin minnətdarlığımı çatdırır və xoş axşam
arzulayıram".
Daha sonra mərasim iştirakçıları "Bakı-2015"ə həsr
olunan filmə baxdılar. Filmdə ilk Avropa oyunlarına hazırlıq işləri
və digər tədbirlər barədə geniş məlumat verildi. İlk Avropa
Oyunları Bakıda 21 məkanda keçiriləcək. 65 min nəfərlik Bakı
Olimpiya Stadionundan əlavə, Bakıda 7300 nəfərlik tutumu olan
Olimpiya şəhərciyi də oyunlara hazırlanır.