Prokurorluq paytaxtda yol polisinə zor tətbiq edilməsi faktı ilə bağlı məlumat yayıb
27 Noyabr 2014 14:37 (UTC+04:00)
Bakıda yol polisinə zor tətbiq edən şəxs barəsində cinayət işi
açılıb. Movqe az APA-ya istinadən xəbər verir ki,
noyabrın 24-də saat 11 radələrində paytaxtın Səbail rayonu
ərazisində xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi
İdarəsinin Yol Patrul Xidməti Alayının inspektoru Elnur Mahmudov
həmin vaxt Mərkəzi Univermağın binasının qarşısında yol hərəkəti
qaydalarını kobud şəkildə pozmaqla "dayanmaq və durmaq qadağandır"
nişanının təsiri zonasında dayanmış "BMW-X5" markalı 10-FK-347
qeydiyyat nişanlı avtomobilin sürücüsü Kərimov Valeh Tacəddin
oğlundan avtomobili oradan götürməsini tələb edib. Lakin V.Kərimov
polis əməkdaşının qanuni tələblərinə tabe olmayaraq avtomobildən
düşərək ona zor tətbiq edib.Fakta görə Səbael rayon Prokurorluğunda
Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı
müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi
başlanılıb.Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.