Konqres Obama hökumətini Azərbaycan siyasətini dəyişməyə vadar edir

28 Noyabr 2014 07:55 (UTC+04:00)

Daha 5 konqresmen prezident Barak Obamaya məktublarla müraciət edərək Azərbaycanı dəstəkləməyə çağırıblar.Konqresinin üzvləri El Qrin, Leonard Lans, Mayk Fitspatrik, Pit Qalleqo və Skott Perri ABŞ-ın Azərbaycan ilə tərəfdaşlığını davam etdirməsinin çox vacib olduğunu bildiriblər. Konqresmenlər təhlükəsizlik və enerji məsələlərində Azərbaycanın sınanılmış tərəfdaş olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən bəri strateji baxımdan önəmli bir regionda Birləşmiş Ştatların sınanmış və vacib müttəfiqidir. Bildirilib ki, ABŞ-ın xarici siyasətinin təhdidlərlə üzləşdiyi bir məqamda bu ölkənin öz müttəfiqlərinin dostluğuna və dəstəyinə ehtiyacı var. ABŞ Avropa və Asiya arasında əlverişli coğrafi mövqedə yerləşən Azərbaycan ilə terrorizmə qarşı mübarizədən enerji təhlükəsizliyinin təmininə qədər müxtəlif sahələrdə güclü tərəfdaşlıq qurub. Konqresmenlər bildiriblər ki, regionda ABŞ-ın təhlükəsizlik maraqlarını dəstəkləyən, qlobal enerji təhlükəsizliyində vacib tərəfdaş olan Azərbaycanın rəsmi Vaşinqton ilə əlaqələri Xəzərin enerji resurslarının Amerika şirkətləri tərəfindən işlənməsi ilə daha da möhkəmlənib. Vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşlarından biridir. Konqresmenlər ekstremizmə qarşı mübarizədə də ABŞ-ın vacib tərəfdaşı olan Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün nümunə kimi səciyyələndiriblər.

Konqres üzvləri Prezident Barak Obamanı ABŞ ilə Azərbaycan arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsinə dəstək verməyə çağırıblar.

Xatırladaq ki, bundan öncə ABŞ konqresmenləri Robert Aderholt və Mayk Doyl oxşar məktubla Barak Obamaya məktubla müraciət ediblər. Siyasilərin təhlilinə görə, bu cür məktublar Konqresin səyi ilə ABŞ-ın Azərbaycan siyasətinə dəyişiklik etmək iqtidarındadır.

Milli məclisin Təhlükəsizlik və müdafiə Komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirdi ki, ABŞ-ın Cənubi Qafqaz, xüsusi ilə Azərbaycanla bağlı prioritetləri Barak Obama dövründə kifayət qədər qeyri-müəyyənliyi ilə seçildi: "Bir sıra hallarda birtərəfli oldu. Yaxud da normal əməkdaşlıq və mütəffiqlik adına uyğun olmadı, ləngimələrlə müşayət edildi. Əksər hallarda isə bölgədəki vəziyyətə müsbət təsir göstərmədi. Bu cəhətdən konqres üzvlərinin ABŞ rəhbərliyinə müraciətlərini çox müsbət dəyərləndiririk. Onlar regiondakı prosesləri dəyərləndirərək görürlər ki, bölgədə əsas aparıcı mövqeyə malik olan ölkəmizin maraqları beynəlxalq birlik tərəfindən normal tanınmır və ya arzu etdiyimiz səviyyədə deyil. Ancaq düzdür, bu dövr ərzində biz Avropa arealında çoxlu tərəfdaşlar qazanmışıq. Bunlar əldə olunub. Lakin heç şübhəsiz ki, bu, ABŞ-ın timsalında özünü qabarıq göstərsəydi, bizim üçün daha əlamətdar olardı. O baxımdan ki, bu cür əsas siyasətin yürüdülməsi məhz Ağ Evdən asılıdır. Ona görə biz ərazimizin bütövlüyü məsələsində ABŞ-dan daha ciddi mövqelər gözləyirik. Biz Ermənistan üzərinə Qərbin, o cümlədən ABŞ-ın daha sərt şəkildə getməsini arzulayırıq. Belə müraciətlər də bizim istəklərimizə yardım etmiş olur, ABŞ rəhbərliyinə təsir edir. Çünki, bu dövlət qurumları cəmiyyətlə və xüsusi ilə parlament baxışları ilə hesablaşır, onların rəyini əsas tutur, siyasətlərində onları nəzərə alırlar. Ona görə də tərəfdaşlarımızın konqres üzvləri sırasında artması bizim üçün çox önəmlionlar bizim səsimizdir".

Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Aydın Abbasov isə hesab edir ki, məktubların mühüm önəmi var: "Bu məktublar Azərbaycanın xarici siyasətinin uğuru deməkdir. Fərdi və ya kollektiv şəkildə Obamaya bu cür məktubların ünvanlanması tərəfimizdən ancaq yüksək səviyyədə dəyərləndirilə bilər. Məktubun Obamaya göndərilməsi Azərbaycanın və konkret olaraq həmin fərdlərin xarici, dostluq siyasətinə sadiq qalmalarını göstərir. Azərbaycanın xarici siyasəti düzgündür, balanslaşdırılmışdır. Lakin ABŞ-Azərbaycan münasibətləri tək məktubla ölçülmür. Lakin istənilən halda ümidvarıq ki, məktub isə müsbət nəticələr verəcək".