Avtobuslarda daha bir özbaşınalıq

28 Noyabr 2014 10:13 (UTC+04:00)

Gün ərzidə milyonlar insanların ictimai nəqliyyatdan istifadə etdiyini nəzərə alsaq, barəsində bəhs edəcəyimiz problemi görməyən sərnişin yoxdur. Söhbətimiz istismarda olan bəzi avtobuslardakı yoxa çıxan oturacaq yerlərindən gedir. Elə bunun nəticəsidir ki, günü bu gün də sürücü ilə birlikdə 10-11 oturacaq yeri olan iri avtobuslar da tapılır. Düzdür, vurğulanan hallara əsasən Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda təsadüf edilsə də, mərkəz marşrutlarda da bu halrast gəlinir. Bundan narazı qalan sərnişinlərin şikayəti isə elə şikayət olaraq qalır.

Nəqliyyat məsələləri üzrə hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, bunu avtobus sürücüləri və ya sahibləri bilərəkdən edirlər ki, daha çox sərnişin yerləşdirsinlər: "Bu hal avtobusun texniki təchizatı ilə bağlı tələbləri kobud şəkildə pozmaqdır. Şəhərdaxili avtobusda həm oturacaq, həm də ayaqüstə sərnişin daşınması üçün yerlər nəzərdə tutulur. Hər bir avtobusun istehsalçısı texniki sənədlərində oturacaq yerlərinin sayını dəqiq göstərir. Ayaqüstə gedəcək sərnişinlərin sayını isə təxmini göstərirlər. Sürürücü ayaqüstə duran sərnişinlərin sayını çoxaltmaq üçün oturacaqları sökürsə, bu, texniki tələbləri pozmadır. Texniki baxış zamanı avtobusların həmin qüsuru aşkar olunmalı və aradan qaldılmalıdır".

Ekspert əlavə etdi ki, belə hallar hərəkətin təhlükəsizliyinə maneçilik yaradır: "Çünki, oturacaqların sayı və yeri hərəkət dinamikasını nəzərə almaqla müəyyən olunur.Oturacaqdan oturmaq kimi istifadə edilməklə yanaşı, ayaqüstə duran sərnişinlər onun başlığındakı dəstəkdən tuturlar. Amma oturacaq çıxarılırsa, ayaqüstə duran sərnişinlər tutmağa yeri olmur. Bundan başqa, sərnişin çox olursa, avtobusun yükgötürmə norması pozula bilər. Həmçinin, qəza zamanı zərərin həcmi arta bilər".

Hüquqşünas təklif edir ki, problemi öncə sahibkarların özləri həll etməlidirlər: "İllik texniki baxışdan keçən zaman oturacaq yerlərinin sayına diqqət yetirilməlidir. Eyni zamanda oturacaq yerləri yararlı olmalıdır. Bunlar tələblərə uyğun olmasa, texniki baxışdan keçməməli və avtobusun istismarı qadağan olunmalıdır. Burada sərnişinlərin də üzərinə iş düşür. Belə hallar varsa, sərnişinlər müvafiq qurumlara şikayət etməlidirlər".

Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Ələkbərov isə hesab edir ki, elə bəzən sərnişinlər özləri sürücüləri bu yolu seçməyə məcbur edir: "Bütün işlər nəqliyyatın axınına uyğun olmalıdır. Bilirik ki, daşınmanı həyata keçirən şirkətlər daha çox sərnişin daşınmaqda maraqlıdır. Odur ki, sürücülər bəzən bu yola əl ataraq oturacaqları çıxardırlar. Burda sərnişinlərin özünün də günahı var. Çünki, avtobus dolu olsa belə, heç kim növbəti avtobusu gözləmək istəmir. Nəticədə sıxlıq yaranır. Ehtiyac yarandığını görən sürücü bu yola əl atır. Yəni, bir növ sərnişinlər sürücüləri bu yola sürükləyirlər. Ancaq marşurut sayı və onlar arasında interval məsələləri də var. Bir xətt üzrə saat pik vaxtlarında marşurutlar arasıda interval az olmalıdır. Təbii ki, yolda tıxac, tikinti işlərini də bura əlavə edə bilərik. Ancaq söhbət təkcə oturacaqlardan gedirsə, onların sökülməsi texniki dəyişiklikdir. Bu da qanunla yolverlməzdir. Yüklənməyə təsir edən digər məsələlər həll olunarsa, bu problemin də qarşısını almaq olar. Cəza, sahibkarların özlərinin məsuliyyəti, sərnişinlərin tələbi və şikayəti məsələni həll etmiş olar. Eyni zamanda qanunvercilik səviyyəsində də işlər görülməlidir. Məsələn, sərnişinlərin məcburi sığortalanması haqda qanun qəbul edilə bilər".