Azərbaycan parlamenti Avropanı sərt tənqid etdi
28 Noyabr 2014 15:31 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında
millət vəkilləri Avropa Parlamentinin rəhbəri Martin Şultsa və son
vaxtlar Azərbaycana qarşı olan təzyiqlərə etiraz
ediblər.
Trend-in məlumatına görə, millət vəkili Zahid Oruc
Martin Şultsun Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi
rəyinin müəyyən qrupların maraqlarına xidmət etdiyini bildrib:
"Hesab edirəm ki, Avropa Parlamentində antiazərbaycan qrupu
yaranıb. Martin Şultsdan soruşsanız, o, Qarabağı göstərməyə
çətinlik çəkəcək. Amma Azərbaycanı çox yaxşı
göstərəcək".
Z.Oruc Martin Şultsun müdafiə etdiyi Saxarov
mükafatına Leyla Yunusun namizədliyinin də verilməsinə münasibət
bildirib: "Hamımız bilirik ki, Saxarov mükafatının idarə heyəti,
əsas şəxsləri ermənilərdən ibarətdir və Leyla Yunusun da adı ona
görə ora daxil edilmişdi".
Millət vəkili Siyavuş Novruzov deyib ki, bu,
Azərbaycanın inkişafını gözügötürməzlikdən başqa bir şey deyil:
"Çünki Azərbaycan haqqında müxtəlif təhriflərə yol verilir. Bir
qrup erməni lobbisinin təsiri nəticəsində biz bunu hiss edirik.
Onlardan soruşsan ki, kimi ittiham edirsən və ya müdafiə edirsən,
bilməyəcək. Çünki hansısa lobbinin təsiri ilə bunu edirlər. Biz
ciddi şəkildə onlara qarşı mübarizə aparmalıyıq. Biz bunlara qarşı
mülayim olduqca, bunlar bir az da təhriflərə yol verirlər. Heç bir
xarici dövlətin Azərbaycanin siyasətinə qarışmağa haqqı yoxdur. Ən
maraqlısı isə budur ki, xaricdə olan iğtişaşlara, terrora göz
yumurlar, Azərbaycanda isə hər şeydən bir səbəb çıxarmağa
çalışırlar".
Millət vəkili Çingiz Qənizadə də Martin Şultsun
fikirlərini sərt şəkildə tənqid edib. O, M.Şultsun və ondan əvvəlki
digər açıqlamaların bir mərkəzdən verildiyini bildirib: "Təəssüf
ki, bu açıqlamalarda 5-6 adamın adı çəkilir ki, dövlət hansısa
addımları atmağa məcbur olsun. Qanun hamı üçün qanundur və heç kəs
ayrı-seçkiliyə məruz qala bilməz. 15-20 nəfər tanınmış şəxsin
həbsdə olduğu halda, əsasən bir-iki nəfərin adı davamlı şəkildə
çəkilir. Sanki vaxtilə bunlar onlara xidmət edib, indi onlar
bunlara xidmət edirlər".
Millət vəkili Qüdrət Həsənquliyev Avropanın
Azərbaycanı tənqid etməsinin arxasında qeyri-səmimi məqsədlərin
dayandığını bildirib: "Mən Avronest PA-nın iclasında iştirakçıların
diqqətinə çatdırdım ki, Ermənistan 1 milyondan artıq azərbaycanlını
öz doğma torpaqlarından didərgin salıb, 20 mindən artıq insanı
qətlə yetirib. Ancaq onlar Ermənistanın bu ağır cinayətlərinə göz
yumur, Azərbaycanda haqqında istintaq gedən 5-6 nəfərin müdafiəsinə
qalxırlar. Budur Avropanın ədaləti, beynəlxalq hüquqa
münasibəti".
Məsələyə münasibət bildirən spiker Oqtay Əsədov
isə qeyd edib ki, mötəbər təşkilatların heç birində müstəqillik
yoxdur: "Bu mötəbər təşkilatlara bel bağlamaq olmaz, onların
mötəbərliyi bir xəttə qədərdir. Avronest, Avropa Parlamentinin adı
var, ozü yoxdur. Onlar sadəcə kiçik məsələlərlə Azərbaycana təzyiq
göstərməyə çalışırlar".
Vitse-spiker Bahar Muradova isə vurğulayıb ki,
Azərbaycan bu təzyiqlərin qarşısında dayanmalıdır: "Bəzən deyirlər
ki, Azərbaycanda bizim tərəfdaşımız azadlıqda qalmayıb. Sizin
tərəfdaşlarınız Azərbaycanda yalnız Leyla Yunus, ya onun kimi
müəyyən məqsədlərə xidmət edən 5-6 nəfərdir? Xahiş edərdik ki,
onlar tərəfdaşlıqla bağlı mövqelərini sərf-nəzər etsinlər, biz də
işimizi bilək. Biz heç kəsə təzyiq göstərmirik. Hər kəs törətdiyi
əmələ görə cəzasını almalıdır. Kimsə hesab edirsə ki, dövlətin
mənafeyini satıb həyatını sürəcək, biz buna imkan
verməyəcəyik".
Çıxış edən digər millət vəkilləri də Avropanı
Azərbaycana qarşı bu qərəzli mövqedən əl çəkməyə çağırıb və bəzi
Avropa qurumları ilə əməkdaşlığa son qoymağı təklif ediblər. Qeyd
olunub ki, bəzi Avropa təşkilatları Azərbaycanın bugünkü
inkişafından narahatdırlar.