Suraxanı rayonu Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirilib

28 Noyabr 2014 16:19 (UTC+04:00)

27 noyabr 2014-cü il tarixdə Suraxanı rayonu Heydər Əliyev Mərkəzində Elektron lektoriya zalında rayonun 11-ci sinif şagirdləri üçün "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda növbəti açıq dərs keçirilmişdir.

"Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda açıq dərslər Suraxanı rayonu Heydər Əliyev Mərkəzində ayda bir dəfə keçirilməklə 2014-2015-ci tədris ilinin sonuna qədər davam etdiriləcək və rayonun bütün məktəblərini əhatə edəcəkdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi ərəfəsində keçirilən açıq dərslərə yekun vurulacaq, fərqlənən müəllimlər və şagirdlər mükafatlandırılacaqlar.

Rayonun 5 məktəbindən 110 şagirdin iştirak etdiyi açıq dərs Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başladı. Şagirdlərə Mərkəz haqqında ətraflı məlumat verildi və Mərkəzin sifarişi ilə hazırlanmış "Millət Atası" filmi seyr edildi.

Açıq dərsin mövzusunu elan edən Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Hüseynova qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev özünü Azərbaycanlı sayan hər bir kəsin qəlbində sadəliyi, səmimiyyəti, alicənablığı, vətənpərvərliyi və bütün digər yüksək insani keyfiyyətləri ilə unudulmaz izlər buraxıb. Hər bir Heydərsevər qürur duyur ki, bu dahi insanın – Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.

Ümummilli Lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.

Açıq dərsdə 196 nömrəli tam orta məktəbin müəllimi Bəhruz Cabbarov "Ulu Öndər dühası", 281 nömrəli tam orta məktəbin müəllimi Flora Osmanova "Dilimizin dərin qatlarını zənginləşdirən Ulu Öndər", 275 nömrəli tam orta məktəbin müəllimi Gülnarə Əliyeva "Heydər Əliyev və müasir Azərbaycan təhsili", 315 nömrəli tam orta məktəbin müəllimi Arzu İsgəndərova "Ən şərəfli ailə", 118 nömrəli tam orta məktəbin müəllimi Kənan Quliyev "Heydər Əliyevin neft strategiyası" mövzularında şagirdlərə açıq dərslər verdilər.

Açıq dərs bu fikirlərlə yekunlaşdı ki, Heydər Əliyev ölkə həyatının bütün sahələrində quruculuğun, davamlı inkişafın və islahatların banisi olmuşdur. İqtisadiyyatın yenidən qurulması, kənd təsərrüfatının dirçəlişi, peşəkar ordunun yaradılması, çevik və balanslaşdırılmış xarici siyasət kursunun həyata keçirilməsi, səhiyyə, elm, təhsil, mədəniyyət, incəsənət sahələrinin tərəqqisi, hüquqi və demokratik dövlət quruculuğu. Bütün bunlar məhz Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Ümummilli Liderin şah əsəri olan Müstəqil Azərbaycan Respublikası etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından "Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" - qiymətini alan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həllini gözləyən istənilən dövlət əhəmiyyətli məsələ ilə bağlı konkret proqramlar hazırlanır və onlar uğurla icra edilir. Azərbaycan son 11 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Açıq dərsdəki bütün mövzular xüsusi hazırlanmış foto, video materiallarla şagirdlərin diqqətinə çatdırılmışdır.