Problemli kreditlərin qorxunc statistikası

29 Noyabr 2014 08:26 (UTC+04:00)

Problemli kreditlərlə bağlı son rəqəmlər bu istiqamətdə təhlükəli vəziyyət ortaya çıxarıb. Belə ki, 2005-ci ildə bu kreditlərin miqdarı cəmi 68.2 milyon manat idisə, cari ilin sentyabr ayına qədər problemli kreditlərin həcmi artıq 973 milyon manata çatıb. Bu isə 9 il ərzində problemli kreditlərin həcmində 14 dəfə artım deməkdir. Özü də problemli kreditlərin artım tempi bankların həyata keçirdiyi ümumi kreditləşmənin həcmini hesabat dövründə 1.16 dəfə qabaqlayır.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Ayaz Quliyev hesab edir ki, problemli kreditlərinin artım tempinin çox olmasının başlıca səbəbi əhalinin kreditlə çox yüklənməsidir: "Həmçinin, bizdə kredit faiz dəcələri heç də az deyil. Amma bunu müəyyən dərəcədə inkişafla da əlaqələndirmək olar. Çünki, insanlar iş görmək üçün kredit alırlar".

Ekspert qeyd etdi ki, 2013 və 2014-cü illərdə problemli kreditlərin həcmi daha çox olub: "Problemli kreditlərin əsas hissəsini məhz istehlak kreditləri təşkil edir. Ölkədə istehlak kreditlərinin həcmi həddindən artıq çoxdur. Bunun səviyyəsinin azaldılması üçün də ilk növbədə əhalinin yaşayış səviyyəsini artırmaq lazımdır. O zaman əhali kreditləri daha çox real sahəyə yönəldəcək. Bu gün isə adi bir məsələni həll etmək üçün də kredit götürürlər".

Ayaz Quliyev bildirdi ki, bu il kredit verilmə şərtlərinə edilən dəyişiklik məhz problemli kreditlərin həcminin azaldılması ilə bağlıdır: "Bu gün artıq banklar kreditin verilməsindən çox, yığımı ilə məşğuldurlar. Amma dəyişdirilmiş şərtlər mövcud tələbata cavab verən formada deyil. Bu şərtlər problemli kreditlərin həcminə qısa müddətə təsir etməyəcək. Bunun üçün çox uzun zaman lazımdır".

İqtisadçı ekspert Yusif Vəliyev hesab edir ki, bu, insanların həyatının kreditsiz mümkün olmamasından irəli gəlir: "2005-ci ilə kimi kreditlərə maraq o qədər də çox deyildi. Amma son dövrlər marketinq işlərinin nəticəsi olaraq kredit götürmək insanların şüur altına asan pul qazanmaq kimi daxil olub. Bu səbəbdən də insanlar böyük ehtiyac olmadan belə kredit götürürlər. Amma sonradan həmin kreditlərin ödənilməsində problemlər yarandı. Bu da problemli kreditlərin həcminin artırması ilə nəticələnib".

Ekspertin fikrincə, növbəti illərdə problemli kreditlərin həcmi azalmayacaq: "Çünki, kreditləşmənin özü böyük sürətlə inkişaf edib. İş yerindən arayışın tələb olunması kimi yeni şərtlər belə problemli kreditlərin həcminin azalmasına təsir etməyəcək. Onsuz da kredit götürənlər işləyən şəxslər olub. Amma ödənilməsi zamanı məlum olur ki, həmin arayışın özündə belə problemlər ola bilir. Yəni, bu gün arayışın əldə edilməsində çətinlik azdır"

Yusif Vəliyev qeyd etdi ki, problemli kreditlərin çox olmasının səbəbi ödənilən faizin yüksəkliyidir: "Bunu azaltmaq lazımdır. Bunun üçün də dövlətin imkanı var. Digər tərədən, kredit verilən zamanı alan insanın gəliri barədə dəqiq araşdırılma aparılmır. İnsanlar kreditə meylli ola bilərlər. Amma krditə çıxış bir az da çətinləşdirilməlidir. Kreditin verilmə şərti ilə vətəndaşın gəlirinin uyğunluğu düz hesablanmalıdır".