Azərbaycan avtomobillərin regional satış mərkəzinə çevriləcək

29 Noyabr 2014 08:33 (UTC+04:00)

İranın "SAİPA" avtomobil şirkəti Azərbaycanda nümayəndəliyini açmaq niyyətindədir. "SAİPA" qrupun prezidenti Saeid Madani bununla bağlı bildirib: "Tərəfdaşın qonşudan olması daha sərfəlidir. Son iki ildə Azərbaycanda 2 min avtomobilimiz satılıb. Burada region ölkələri üçün mərkəzi ofis açmaq, zavod tikmək niyyətimiz var. Azərbaycana da elə bu məqsədlə gəlmişəm. Danışıqlarımız ümidvericidir". "SAİPA" qrupunun beynəlxalq əlaqələrinin xeyli genişləndiyini deyən iş adamı vurğulayıb ki, şirkətin Ukrayna və Rusiyada məhsulları satılır, İraq, Venesuela, Sudan, Suriyada və digər ölkələrdə müəssisələri fəaliyyət göstərir. Hazırda 7 zavodu, 100-dək köməkçi şirkəti olan qrup ildə 20 modeldə 800 min avtomobil istehsal edir.

İran şirkətinin Azərbaycanda avtomobil zavodu tikməsinin ölkəmizin avtomobil sənayesinə, maşın bazarına hansı təsir göstərəcəyi də xüsusi maraq doğurur. İqtisadçı ekspert Rəşad Həsənovun fikrincə, İran avtomobil zavodonun Azərbaycanda fəaliyyətə başlaması yeni iş yerlərinin açılması, dövlər büdcəsinə əlavə gəlirlərin gəlməsi baxımından əhəmiyyətlidir. Amma həmsöhbətimizə görə, bu tendensiya yerli əhali arasında İran avtomobillərinə marağın artmasına gətirib çıxarmayacaq: "İstənilən halda ölkəmizə investisiyanın cəlb edilməsi məqsədyönlüdür. Ümumiyyətlə, bu günə qədər Azərbaycanın apardığı iqtisadi siyasətin nəticəsi də məhz xarici investisiyanın ölkəyə cəlb edilməsinə yönəlib. Burada məqsədə nə dərəcədə nail olunduğu isə başqa bir məsələdir. İranın avtomobil sənayesi Azərbaycanın bu sahəsinə maraq göstərirsə, bu, ölkəmizdə istehsalın və yeni iş yerlərinin artımı, dövlət büdcəsinə əlavə gəlirlərin gəlməsi baxımından səmərəlidir. Digər tərəfdən, daxili tələbatın ödənilməsi və pulun xaricə axınının azalmasında səmərəli hesab oluna bilər. Həmçinin, bu zaman hazırkı standartlar da gözlənilməlidir. Bildiyimiz kimi, dövr dəyişdikcə avtomobil sənayesi və insanların zövqündə ciddi dəyişikliklər baş verir. Düşünürəm ki, İran istehsalı olan avtomobillərə Azərbaycanda maraq nisbətən azdır. Bundan əvvəlki dönəmlərdə də İranla müştərək avtomobillər istehsal edilmişdi. Hazırda Çinlə Azərbaycan arasında Naxçıvanda avtomobil zavodu fəaliyyət göstərməkdədir. Ancaq təcrübə onu göstərir ki, istehlakçılarda ölkə daxilində istehsal olunan avtomobillərə maraq hələ zəifdir. Texniki keyfiyyətlər, təhlükəsizliklə bağlı məsələlərdə onlar Qərbi Avropa avtomobillərindən geri qalır. Buna baxmayaraq, ölkəyə xarici investisiyanın axını baxımından İran şirkətlərinin Azərbaycan avtomobil sənayesində iştirakı məqsədəuyğundur. Əsas məsələlərdən biri dayanıqlığı təmin etməkdir. Hazırda Çinin istehsal etdiyi avtomobillərə tələbat kifayət qədər azalıb. Əvvəlki illərdə bu maşınlar sadəcə, taksi şirkətlərinə satılırdısa, hazırda onların fərdlər tərəfindən alınmasına böyük maraq yoxdur. Bun fonda İran şirkətinin ölkəmizdə həyaat keçirmək istədiyi layihə hazırlanarkən daimi gəlirlilik də nəzərə alınmalı, avtomobil təsərrüfatının inkişafına təsirləri göz önünə alınmalıdır".

İqrtisadçı alim Əli Əlirzayev də qeyd etdi ki, investisiya cəlbi baxımından İran avtomobil zavodunun tikilməsi əlverişli layihədir: "İran şirkəti tərəfindən Azərbaycanda avtomobil zavodunun tikilməsi rəqabət mühitinin olması baxımında əslində, yaxşı haldır. Başqa bir tərəfdən İran ölkəmizə bu yolla investisiya qoyur. Burada tikiləcək zavodda yerli işçi qüvvəsindən istifadə edilməklə, yeni iş yerləri də açılacaq. Bunun nə ziyanı var ki? Ola bilsin, həmin istehsal etdiyi maşınları İran burada deyil, aparıb öz ölkəsində və başqa dövlətin ərazisində satacaq. Yəni hökmən deyil ki, bazar məhz istehsal olunan məkanda olsun. Başqa bir tərəfdən, İran avtomobilləri ucuz bazar üçün nəzərdə tutula bilər. Elə alıcı var ki, ancaq ucuz maşın almaq iqtidarındadır. Həmçinin, İran şirkətinin hansı məqsədlər üzrə avtomobil istehsal edəcəyi də mühüm məsələlərdəndir. Rəqabət qabiliyyətli olmayacaqsa, bağlana da bilər. Amma bunun ölkəmizə nə dəxli?".