Kondisionerlər güzgülərlə əvəz oluna bilər

29 Noyabr 2014 10:40 (UTC+04:00)

Amerikalı mühəndislər kondisionerləri artıq istiliyi kosmosun dərinliklərinə istiqamətləndirən güzgülərlə əvəz etməyi təklif ediblər. Yeni texnologiya haqqında Nature jurnalı və Stənford Universitetinin mətbuat xülasəsində məlumat verilib.

Kaliforniyada keçirilmiş eksperimentlər göstərib ki, qara rənglə boyanmış dam günəşli gündə ətrafdakı havaya nisbətən 60 dərəcə, alüminiumdan olan dam 40 dərəcə isti, güzgüdən olan dam isə 5 dərəcə soyuq olur.

Iki mikron qalınlığa malik səth bir neçə nazik təbəqədən ibarət olur: gümüş (işığı əks etdirən təbəqə) və adda-budda şəkildə olan silisium 4-oksid və hafnium oksid təbəqə. Son iki maddə güzgünü termoşüalandırıcıya çevirir: silisium 4-oksid qızan vaxt o, dalğasının uzunluğu təqribən on mikrona çatan infraqırmızı işıq şəklində istilik şüalandırmağa başlayır. Yer atmosferi bu cür şüanı, demək olar ki, udmur və nəticədə istilik birbaşa kosmosa gedir.

Güzgü ona düşən işığın 97 faizini əks etdirir. Onun soyuduculuq qabiliyyəti hər kvadrat metr üçün 40 vatta çatır. Mühəndislərin hesablamalarına görə, bu cür konstruksiyaların damda quraşdırılması 100 meqavattsaat elektrik enerjisinə qənaət etməyə imkan verəcək. Bundan başqa, güzgü bir çox binalarda kondisionerlərdən imtina etməkdə kömək edəcək. Alimlər bildirirlər ki, kondisionerlər binaların ümumi elektrik enerjisinin 15 faizini məsrəf edir.