İran Azərbaycanla yeni memorandum imzalamağa hazırlaşır

29 Noyabr 2014 14:18 (UTC+04:00)
İran və Azərbaycan kənd təsərrüfatı, o cümlədən heyvandarlıq sahəsində anlaşma memorandumu imzalamağa hazırlaşırlar. Movqe.az xəbər verir ki , bu barədə Trend-ə noyabrın 26-27-də Azərbaycanda səfərdə olan İranın sənaye, mədən və ticarət naziriMəhəmməd Rza Nemətzadəbildirib.

M.R.Nemətzadə noyabrın 27-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovla görüşüb. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi ərzaq və kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

İranlı nazir bildirib ki, tərəflər adıçəkilən sahədə memorandumun imzalanması ilə bağlı razılığa gəliblər: "Sənəd hazırdır və yaxın vaxtlarda iki ölkənin kənd təsərrüfatı nazirləri tərəfindən imzalanacaq".

O qeyd edib ki, Azərbaycana səfəri zamanı Rusiyaya meyvə-tərəvəz və ərzaq məhsullarının ixracı məsələsini də müzakirə edib.

Qərb Rusiyanı Ukraynadakı gərginliyə görə ittiham edir və bu ölkəyə qarşı sanksiyalar tətbiq edib. Qarşılıqlı olaraq Rusiya Avropadan meyvə-tərəvəz idxalına qadağa qoyub.

Bundan əvvəl Rusiya və İran rəsmiləri arasında İrandan bu ölkəyə meyvə-tərəvəz ixracı məsələsi müzakirə olunmuşdu.

ISNA agentliyinin sentyabrın 5-də yaydığı məlumata görə, Rusiya İrana Federasiyanın tələbatı olduğu 60 növ meyvə-tərəvəz və ərzaq məhsulunun siyahısını təqdim edib.

İranın Ticarət Palatasının rəsmi statistikasına əsasən, ölkənin son 7 ayda (20 mart - 20 oktyabr) Rusiyaya ixrac etdiyi 100 ən çox gəlir gətirən məhsulun 41-i kənd təsərrüfatı məhsuludur.

İran martın 21-dən oktyabrın 23-dək (İran təqvimində il martın 21-də dəyişir) Rusiyaya 80 milyon dollardan artıq kənd təsərrüfatı məhsulları ixrac edib. Bu dövrdə İranın Rusiyaya ümumi ixracatı isə 151 milyon dollar təşkil edib. Başqa sözlə, İrandan Rusiyaya ixrac olunan malların dəyərinin yarıdan çoxu kənd təsərrüfatı məhsullarının payına düşür.

Rusiya avqustun 6-dan Avropadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Avropa İttifaqının rəsmi məlumatına əsasən, Avropa ölkələri 2013-cü ildə Rusiya Federasiyana 11,8 milyard avro dəyərində kənd təsərrüfatı və ərzaq məhsulları ixrac ediblər.

M.R.Nemətzadə bildirib ki, Azərbaycana səfəri çərçivəsində Rusiyaya meyvə-tərəvəz və ərzaq məhsullarının ixracı ilə bağlı müzakirələr aparıb: "Məqsəd Azərbaycan və İran şirkətlərinin bu sahədə birgə əməkdaşlığını təşkil etməkdir".

Nazir, həmçinin İran və Azərbaycan arasında ikitərəfli ticarət və iqtisadi əlaqələrin genişlənməsi ilə bağlı müzakirələr aparıldığını bildirib.

Qeyd edək ki, M.R.Nemətzadənin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 27-də Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da görüşüb.

K.Heydərovun rəhbərliyi ilə FHN nümayəndə heyəti isə cari ilin mart ayında İranda səfərdə olmuş, sənaye və mədən işlərində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılmışdı.

M.R.Nemətzadə bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşündə iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi, birgə investisiyalar və ticarət dövriyyəsinin artımı ilə bağlı müzakirələr də aparıb.

Azərbaycan və İranın ticarət dövriyyəsi 2013-cü ildə 220 milyon dollar təşkil edib. İran Prezidenti Həsən Ruhaninin noyabrın 12-də Azərbaycana səfəri zamanı ölkələr arasında ticarət dövriyyəsinin artırılması ilə bağlı danışıqlar aparılıb.

Nazir həmçinin deyib ki, səfər çərçivəsində Azərbaycan və İran şirkətləri arasında müştərək əczaçılıq şirkətinin yaradılması ilə bağlı razılıq əldə olunub.

Noyabrın 27-də Sumqayıt Kimya Sənaye Parkında olan iranlı nazir qeyd edib ki, İran Azərbaycanla neft-kimya sahəsində əməkdaşlıqda, o cümlədən mühəndislik, avadanlıqların təmiri işləri və birgə investisiya yatırımında maraqlıdır.