Quş qripi monitorinqlərinin nəticəsi bəlli oldu

29 Noyabr 2014 16:02 (UTC+04:00)

Noyabrın 17-dən quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq başa çatıb.

Movqe.az xəbər verir ki , Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, seçmə üsulla ovlanaraq götürülən 34 baş çöl quşunun patoloji materialları və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1488 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib.

Müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib.
Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran və Salyan rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib.

Xatırladırıq ki, quş qripi xəstəliyinin profilaktikası məqsədilə ölkə ərazisində həyata keçirilən monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkəmizin quş qripi xəstəliyinə görə epizootik vəziyyətin sabit olmasını, cari ildə aparılan monitorinqlərin nəticələrini, köçəri, sinantrop və ev quşları arasında quş qripi xəstəliyinin hər hansı tipinə təsadüf olunmamasını və quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yaz fəslində aparılmasını nəzərdə tutur.

Hal-hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.