Azərbaycanda körpü uçdu
29 Noyabr 2014 19:02 (UTC+04:00)
Həftənin ilk günlərində yağan aramsız yağışların yaratdığı
fəsadlarla bağlı sizə bir neçə material təqdim etmişdik. Bizi bu
mövzuya yenidən qayıtmağa vadar edən isə rayonun bəzi yerlərində,
hələ də, acınacaqlı vəziyyətin qalmasıdır. Məsələn, elə Lənkəranın
Vilvan kəndi. Hansı ki, çayın körpünü yuyub aparmasından sonra 5
gündür ki, kəndin bir tərəfinə gediş-gəliş tamamilə kəsilib.
Movqe.az Milli.Az-a istinadən xəbər verir ki, Veravulçay Lənkəranın
Vilvan kəndini iki hissəyə ayırır və gediş-gəlişi təmin etmək
məqsədilə vaxtilə burada iki körpü salınıb. Biri piyadalar, biri
isə avtomobillərin hərəkəti üçün. Lakin bir neçə gün öncə yağan
güclü yağış hər iki körpünü yuyub apardığından kənd sakinlərinin
digər tərəflə əlaqəsi kəsilib və gediş-gəliş tamamilə itib.
Sakinlər bildirirlər ki, bir neçə gündür aidiyyəti qurumları
məlumatlandırsalar da, kömək əlini uzadan tapılmayıb.
Yağış təkcə körpünü deyil, kəndə gedən qaz xəttini də sıradan
çıxardığından sakinlər idarənin əməkdaşları ilə birlikdə böyük
çətinlik bahasına qazın verilişini təmin ediblər ki, çayın o
tayında qalanlar heç olmasa soyuqdan donmasın. Elə kənd
sakiniƏlirza Mirzəyevdə bu zaman yıxılıb və
qolunu sındırıb. Sakinlər bu acınacaqlı vəziyyətin tezliklə aradan
qaldırılacağına ümid edirlər. Rayon icra hakimiyyətinin
nümayəndələri qısa zamanda körpünün bərpa olunacağını bildirdilər.