“Bu il iyulun ən isti günü sabah olacaq, daha sonra belə güclü istilər proqnozlaşdırılmır”

24 İyul 2012 17:03 (UTC+04:00)
Bu il iyul ayının ən isti gününun sabah olacağı gözlənilir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, sabah Bakıda və Abşeron yarımadasında 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti proqnozlaşdırılsa da, bu anomal isti hesab edilmir: "Ümumiyyətlə, bu ay iqlim şəraiti normaya yaxındır və anomal istilər müşahidə olunmur. İyulun ən isti gününün sabah olacağı gözlənilir. Sonrakı günlərdə belə istilər proqnozlaşdırlımır". 
Baş hidroloq deyib ki, son 20 il ərzində Bakıda ən isti illər 2010 , 2011, ən sərin illər isə 1993 və 2004-cü illər olub: "Azərbaycanda anomal istilər 2010-cu ildə qeydə alınıb. Həmin il iyulun 11-12-də Bakıda 40-41, bəzi Mərkəzi Aran rayonlarında 42-43, Culfada 44 dərəcə isti qeydə alınıb. Ötən il iyul ayının üçüncü ongünlüyündən başlayaraq avqustun 3-dək ölkə ərazisində güclü istilər olub. Həmin il iyulun 22-də Bakıda 40 dərəcə isti qeydə alınıb".