Almaniya Bundestaqının üzvləri Dağlıq Qarabağda keçirilmiş “prezident seçkiləri” ilə bağlı bəyanatla çıxış ediblər
25 İyul 2012 18:27 (UTC+04:00)
Almaniya Xristian Demokratlar
İttifaqı / Xristian Sosialistlər Birliyi-Federal fraksiyasının
xarici siyasət üzrə məruzəçisi Philipp Missfelder və həmin
fraksiyanın xarici məsələlər üzrə bölməsinin rəhbəri Karl-Georg
Vellmann Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma
"prezident seçkiləri" ilə əlaqədar bəyanatla çıxış ediblər.
Avropa Azərbaycan CəmiyyətindənAPA-ya verilən məlumata görə, bəyanatda
qeyd olunur ki, 19 iyul 2012-ci il tarixdə beynəlxalq hüquqa
əsaslanmayan, tanınmayan Dağlıq Qarabağ ərazisində təyin olunmuş
"prezident seçkiləri" münaqişənin sülh yolu ilə həllinə nail olmaq
məqsədilə beynəlxalq birliyin göstərdikləri cəhdlərə ağır bir
zərbədir: "Beynəlxalq birlik beynəlxalq hüquqa əsaslanaraq Dağlıq
Qarabağı Azərbaycan Respublikasının ayrılmaz bir tərkib hissəsi
hesab edir.
Avropa Birliyi kimi Almaniyanın da mövqeyi belədir ki, Dağlıq
Qarabağ münaqişəsinin uzun müddət davam edən nizamlanma prosesi
yalnız sülh yolu həll edilə bilər. Belə ki, nə Almaniya, nə də
Avropa Birliyi 2010-cu ildə Dağlıq Qarabağda keçirilmiş "parlament
seçkisini" tanımır. Bundan başqa, Avropa Birliyinin xarici işlər və
təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton 25 may
2010-cu il tarixində keçirilmiş seçkilərlə bağlı deyib ki, Avropa
Birliyi hüquqa və qanuni Konstitusiyaya müvafiq olaraq Dağlıq
Qarabağda keçirilmiş "parlament seçkilərini" tanımır. Bu hadisə
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində qeyri
müəyyənlik yaradır. Ketrin Eşton tanınmamış Dağlıq Qarabağ
republikasında keçirilən "prezident seçkiləri" nin Avropa Birliyi
tərəfindən tanınmaması ilə əlaqədar mövqeyinin dəyişməz qaldığını
vurğulayıb".
Bəyanat müəllifləri bildiriblər ki, Dağlıq Qarabağ münaqişəsinin
20-ci ildönümü bu konflikt barədə düşünmək və münaqişənin həlli
prosesi barədə yeni fikir söyləmək üçün bir fürsətdir: "Münaqişənin
sülh yolu ilə həll edilməsi və əlaqələrin normallaşdırılması,
ümumilikdə, Cənubi Qafqaz regionunda münaqişənin həll edilməsi üçün
bilavasitə pozitiv, iqtisadi və ictimai stimul olardı. Bu zaman
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı / ATƏT-in Minsk
Qrupu, NATO və Birləşmiş Millətlər Dağlıq Qarabağ münaqişəsinə
yenidən diqqəti artırmalıdır".