Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir
27 İyul 2012 11:30 (UTC+04:00)
Bu gün Tələbə Qəbulu üzrə Dövlət
Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil
müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas
təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı
keçirir. TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, bu gün eyni
zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi
Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı
keçirilir.
Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3,
Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək imtahana
1174 nəzarətçi-müəllim və 115 imtahan rəhbəri cəlb olunub. Bu il IV
qrup üzrə 15408 abituriyent ərizə təqdim edib.
IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan, 915
nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9352 nəfərini
oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir. 7758 nəfər orta
ümumtəhsil məktəblərinin builki, 5320 nəfər əvvəlki illərin
məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45
abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali
təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq
arzusundadır. 415 abituriyent orta ixtisas təhsili müəssisələrinin
məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci
ildəndir.
Bakıda 9197, Naxçıvanda 1626, Gəncədə 1762, Sumqayıtda 1340, Şəkidə
713, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün
binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində
aparılacaq.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas
qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.00-da
"Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində
TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda
istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları
ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş
sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında
yerləşdiriləcək.
IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab
kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə
TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan
nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə
iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən
ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan
komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən
avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət
imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi
zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə
bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən
abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların
müsabiqəsində iştirak edə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul
imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun
7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil
bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil
olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali
təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan
sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə
daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə
biləcəklər.