Süleyman Mikayılov: “İndi olimpiyaçılarımızın yanında olmaq, həmişəkindən qat-qat vacibdir”

28 İyul 2012 13:14 (UTC+04:00)
"Boksçularımızın olimpiadada uğur qazanacaqlarına inanıram".

Bunu apasport.az saytının Londona ezam olunmuş əməkdaşına Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov deyib. 

Mikayılovla Londonda Olimpiya kəndində görüşdük. Boksçularla bir yerdə olan vitse-prezident onlara federasiyanın prezidenti Kəmaləddin Heydərovun salam və tövsiyələrini çatdırıb. Olimpiya kəndindəki vəziyyətlə yaxından tanış olan federasiya rəsmisi boksların qaldıqları otaqları bir-bir gəzib, sonra məşqçilərlə ayrıca söhbət edib və məşq şəraiti ilə yaxından tanış olub. 

Ardından Mikayılov olimpiada ilə bağlı fikirlərini açıqlayıb: "Yarışların başlanmasına az qalır. Onlardan diqqət və qayğını əsirgəmirik. Hesab edirəm ki, indi olimpiyaçılarımızın yanında olmaq, həmişəkindən qat-qat vacibdir. Bu, onların psixoloji durumuna yaxşı təsir edir. Yarış qabağı həyəcan və stressə güc gəlməyə kömək edir".