Cahangir Əsgərov: “Azərbaycan ağırlıqqaldırmada ilk olimpiya medalını qazandı”
30 İyul 2012 12:34 (UTC+04:00)
"Azərbaycan ağırlıqqaldırmada ilk
olimpiya medalını qazandı. Bunadək ağırlıqqaldıranlarımız Sidney,
Afina və Pekin Olimpiadalarının hər birinə medala ümidli gediblər.
Ancaq nədəncə bəxtimiz gətirmirdi". Bu fikirləri apasport.az
saytının Londona ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan
Ağırlıqqaldırma Federasiyasının prezidenti Cahangir Əsgərov
deyib.
O, Londonda ilk Olimpiya medalımızı qazanan ağırlıqqaldıran
Valentin Xristovun uğurunu yüksək qiymətləndirib.
Əsgərovun sözlərinə görə, təmsilçilərimiz bu idman növündə əvvəllər
də medal qazanmağa layiq olublar: "Axır ki, ilk medalımızı
qazandıq. Ağırlıqqaldıranımız "şeytanın qıçını sındırdı". İnanıram
ki, bundan sonra uğurlarımızın sayı artacaq. Bu medal həm də
Londonda ilk olmasına görə dəyərlidir".
Xatırladaq ki, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan
təmsilçimiz Valentin Xristov olimpiadanın bürünc medalını
qazanıb.