Azərbaycan Ədliyyə Nazirliyinin idarə rəisi: “Ötən illər ərzində 400-dən çox iranlı məhkum öz ölkəsinə təhvil verilib”
30 İyul 2012 13:36 (UTC+04:00)
"Azərbaycan və İran İslam
Respublikası arasında məhkumların təhvil verilməsi haqqında 1998-ci
ildə bağlanmış müqavilə hazırda qüvvədədir". Bu
açıqlamanı APA-ya Ədliyyə
Nazirliyinin beynəlxalq əlaqələr idarəsinin rəisi Zavər Qafarov
verib.
Z. Qafarov hazırda Azərbaycandakı cəzaçəkmə müəssisələrində olan
iranlı məhkumların əksəriyyətinin narkotik qaçaqmalçılığı və satışı
ilə əlaqədar mühakimə olunduqlarını bildirib: "Azərbaycandakı
cəzaçəkmə müəssisələrində 160 nəfərə yaxın iranlı məhkum var.
İranda olan azərbaycanlı məhkumların sayına gəldikdə isə 2012-ci
ildə İran tərəfi bizə rəsmi məlumat verərək, barəsində məhkəmə
hökmü çıxarılan azərbaycanlı məhkumların sayının 6 nəfər olduğunu
bildirib. Lakin bizim ehtimalımıza görə, İranda həm istintaq
təcridxanasında saxlanan, həm də barələrində hökm çıxarılan 20-yə
yaxın azərbaycanlı məhkum ola bilər. Bu il ərzində İranla
Azərbaycan arasında məhkumların öz ölkələrinə təhvil verilməsi
prosesi baş verməyib. Lakin əvvəlki illərdə bu proses həyata
keçirilib. Ötən illər ərzində 400-dən çox iranlı məhkum öz ölkəsinə
təhvil verilib. Həmçinin İran tərəfi 51 azərbaycanlı məhkumu təhvil
verib. Yaxın vaxtlarda da məhkumların təhvil verilməsi prosesinin
həyata keçirilməsi üçün işlər görülür. Bu prosesin dayandırılması
barədə İran rəsmilərinin mətbuata verdikləri açıqlamaların heç bir
əsası yoxdur. Həmin müqavilə hazırda qüvvədədir".
Qeyd edək ki, Ərdəbil vilayətinin Ümumi və İnqilab Məhkəməsinin
prokuroru Yusif Xudadadi "Səhər" kanalına verdiyi açıqlamada
Ərdəbil həbsxanasında 4 Azərbaycan vətəndaşı olduğunu deyib: "Onlar
narkotik qaçaqmalçılığı və casusluq ittihamı ilə saxlanılıb. İran
bu məhbuslarla islam dini və əxlaqının tapşırıqlarına, ölkənin
qanunlarına uyğun rəftar edir. Onlarla son dərəcə ehtiramla
davranırıq. Biz onların ailələri ilə görüşməsinə icazə vermişik.
Müraciət edən hər bir şəxs barəsində bu hüquqa riayət olunub". Y.
Xudadadi Azərbaycanla İran arasında məhbusların təhvil verilməsinə
dair öhdəliklər olduğunu deyib və Azərbaycanı bu öhdəlikləri yerinə
yetirməməkdə ittiham edib: "Bu öhdəliklər kağız üzərində
qalmamalıdır. İndi Azərbaycanda 130 iranlı məhbus var. İran onların
təhvil verilməsi üçün hazır olduğunu bəyan edib. Amma Azərbaycan bu
məsələdə bizimlə əməkdaşlıq etmir".