Azərbaycan Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyində xidməti silah kimi yeni tapançalardan istifadə olunacaq

30 İyul 2012 20:45 (UTC+04:00)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Türkiyənin TİSAŞ şirkəti ilə birgə istehsal etdiyi 3 tapança modeli Müdafiə Nazirliyində və digər bir neçə güc strukturunda xidməti silah kimi rəsmən silahlanmaya qəbul olunub.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

"Zəfər", "Zəfər-K" və "İnam" adlı tapançaların Azərbaycanda seriyalı istehsalına 2011-ci ildən başlanıb. Bu günədək Silahlı Qüvvələr və Ədliyyə Nazirliyi bir neçə partiya tapança satın alıb. Bu yaxınlarda isə Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyindən yeni sifarişlər qəbul edilib.

Yerli istehsal olan tapançalar hazırda güc strukturlarının silahlanmasında tabel silahı olaraq yer alan "Makarov" tapançalarından istifadəsinin rahatlığı və dəqiqliyinə görə seçilir. Bu tapançaların lüləsinin atış ömrü 25 min güllədir. Eyni zamanda bu silahın darağının patron tutumu daha çoxdur.