Azərbaycanda haqqı ödənilməklə əldə edilən informasiyaların siyahısı hazırlanıb
31 İyul 2012 20:17 (UTC+04:00)
"Haqq ödənilməklə göstərilən informasiya
xidmətlərinin Siyahısı" təsdiq edilib.
Gün.Az Nazirlər
Kabinetinin saytına istinadən xəbər verir ki, "Haqq ödənilməklə
göstərilən informasiya xidmətlərinin Siyahısı", "İnformasiyanın
hazırlanıb təqdim olunmasına görə ödəniş Qaydaları",
"İnformasiyanın haqqı qabaqcadan ödənilməklə təqdim edilmə
halları", "Ödəniş zamanı edilə biləcək güzəştin Şərtləri" və
"Müqavilə yolu ilə informasiya sorğusunun təmin edilmə Şərtləri və
Qaydaları" təsdiq edilib.
Yeni qaydaya əsasən aşağıdakılar haqq
ödənilməklə göstərilən informasiya xidmətlərinə daxil
edilib:
- sorğuçuya artıq müvafiq informasiya verilibsə və
sorğuda informasiyanı təkrar əldə etmək zərurəti
əsaslandırılmayıbsa;
- sorğu edilən informasiya irihəcmli olduqda və ya sorğunun icrası
informasiya sahibinin üzərinə qoyulmuş ictimai vəzifələrin yerinə
yetirilməsinə ciddi maneə yaratdıqda və yaxud əsassız böyük
məsrəflərə səbəb olduqda;
- sorğunun icrasını bir dəfəyə təmin etmək mümkün olmadıqda;
- sorğunun icrası informasiyanın sistemləşdirilməsi, təhlil
edilməsi və ya sənədləşdirilməsi ilə əlaqədar xeyli vaxt tələb
etdikdə.