Azərbaycan Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyası quraşdıracaq
1 Avqust 2012 13:17 (UTC+04:00)
ABŞ Dövlət Departamenti 2011-ci ildə dünyada terrorçuluğa qarşı
mübarizəyə dair hesabatı açıqlayıb. APA-nın ABŞ Dövlət Departamentinin rəsmi
saytına istinadən yaydığı məlumata görə, hesabatda Azərbaycanla
bağlı bir sıra faktlar öz əksini tapıb.
Sənəddə bildirilir ki, Azərbaycan
terror təşkilatlarına qarşı aktiv mübarizə aparıb, quru və dəniz
sərhədlərinin mühafizəsinin təmin olunması üçün tədbirlər
görüb.
"Azərbaycan hökuməti potensial bioterrorizm təhlükəsinin qarşısını
almaq məqsədilə tədqiqatlar aparmağa imkan verən mərkəzi
laboratoriyanın modernləşdirilməsini başa çatdırıb. Kütləvi qırğın
silahlarının yayılmasının qarşısının alınması proqramı əsasında
hökumət Xəzər sahili boyunca yeddi radiolokasiya stansiyasının
quraşdırılmasını öz üzərinə öhdəlik olaraq götürüb. Bu stansiyalar
hərbi-dəniz donanması, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi
tərəfindən dəniz kəşfiyyatının aparılması və qaçaqmal təhlükəsinin
aşkarlanması məqsədilə istifadə olunacaq. Bundan başqa Dövlət
Sərhəd Xidməti Gəncə aeroportunun təmiri zamanı yeni portal
monitorlar quraşdırıb".
Hesabatda bildirilir ki, Azərbaycan həmçinin sərhəd keçmələrə dair
portal monitorlardan alınan informasiyaların mərkəzləşdirilməsi
məqsədilə Milli Kommunikasiya Sistemi (pilot layihə)
quraşdırıb.