Elnur Məmmədli:" Məni rahat buraxın"

1 Avqust 2012 13:40 (UTC+04:00)
Movqe.Az xəbər verir ki, olimpiya çempionu Elnur Məmmədli vədinə əməl etməyib.

"Vədimə əməl edə bilmədim. Başqa sözüm yoxdur". Bu sözləri olimpiya çempionumuz Elnur Məmmədli deyib.

Azərbaycanlı cüdoçu XXX London Yay Olimpiya Oyunlarında ilk görüşündəcə uduzmasına kütləvi informasiya vasitələrinə verdiyi açıqlamada münasibət bildirib: "İndi daha çox tək qalmaq istəyirəm. Məni rahat buraxın. Rio-de-Janeyroda keçiriləcək Olimpiadaya hələ 4 il var, indidən nə deyim? Pekindən sonra nə vəd etməli idim ki? Siz necə düşünürsünüz? Onda deməli idim ki, Londonda qızıl xal uğrunda - əlavə vaxtda da uduzmayandan sonra hakimlər qələbəni rəqibimə verəcəklər? Məni tək buraxın ki, nəyin baş verdiyini düşünüm", - deyə cüdoçu bildirib.

Lakin Azerisport.Az-ın verdiyi məlumatda bildirilir ki, Pekində Olimpiya çempionu olmuş Elnur Məmmədli indi bu uğurunu növbəti dəfə təkrarlamağı hədəfləmişdi. Həmyerlimiz mübarizəyə 1/32 finaldan başlayıb. Onun qızıl medal qazanmaq yolundakı ilk rəqibi isə Kanada cüdoçusu Antuan Valua-Forte olub. Məmmədli bu rəqibi ilə görüşdə ciddi müqavimətlə üzləşib. Belə ki, həm əsas, həm də əlavə vaxtda cüdoçular hesabı aça bilməyiblər. Belədə qalibi hakimlər müəyyənləşdiriblər. Lakin çox təəssüf ki, referilər qələbəni Kanada idmançısına veriblər.


Türkan Nadirqızı

Movqe.Az