Saakaşvili qayıtmaq istəyir. Bakı nə edəcək?

2 Fevral 2015 09:44 (UTC+04:00)

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili böyük siyasətə qayıtmağa hazırlaşır. Ukraynaya və Moldovaya səfər edən Saakaşvili həmişəki repertuarında qalıb, bu ölkələri Qərblə daha aktiv inteqrasiyaya, Rusiyanın təzyiqlərinə və təqiblərinə sinə gərməyə çağırıb.

Postsovet məkanında voyajlarını daha da fəallaşdırmaq niyyətində olan M.Saakaşvili Gürcüstanda hakimiyyətə dönmək niyyətini də gizlətmir.

Bununla belə, o, Ukraynada vəzifə təklifi aldığını da vurğulayıb.


Ukraynada yeni Maydan hərəkatı zamanı Kiyevə yollanan, sonra da Viktor Yanukoviçin hakimiyyətdən kənarlaşdırılmasını izləyən, ölkədə keçirilən prezident seçkilərində qeyri-rəsmi müşahidəçi statusunda iştirak edən və yeni prezident Pyotr Poroşenkonu qələbə münasibətilə təbrik edən ilk şəxslərdən olan Saakaşvili Kiyevdəki prosesləri bəyəndiyini, təqdir etdiyini vurğulayıb. Onun sözlərinə görə, bir zaman Gürcüstanda olduğu kimi, Ukraynada da yerli əhali sürətli və effektiv islahatlar istəyirlər. Saakaşvili isə özünü belə islahatlar sahəsində böyük mütəxəssis sayır: "Ukraynada vəzifə ilə bağlı təklifləri ağıllı və praqmatik insanlardan, analitik düşüncə qabiliyyətinə malik adamlardan almışdım".

Kiyevdəki hakimiyyət mənsublarından aldığı təkliflər çoxsaylı və müxtəlif olsa da, hələlik razılaşmadağını vurğulayıb.

"Qəlbim və istəklərim Gürcüstanladır. Əgər kimsə şərabçılıqla məşğul olaraq siyasətdən kənarlaşacağımı ciddi şəkildə düşünübsə, yanılıb. Belə deyil. Çoxlu mühüm işlər görmək üçün yetərincə enerjim var", - M.Saakaşvili deyib.


Gürcüstanda ötən il keçirilmiş prezident seçkilərində məğlub olandan sonra Mixeil Saakaşvili ABŞ-a yollanmış, universitetlərdən birində mühazirələr oxumağa başlamışdı. Müsahibələrindən birində o, qürurla demişdi ki, "Gürcüstanda prezident olduğu dönəmdən çox qazanır": "Bu isə mənimçün çox mühüm məsələdir. Axı Gürcüstanda qalmış qohumlarıma maddi yardım edirəm".

Fəqət görünür ki, tələbələrə dərs demək Saakaşvilinin xoşuna gəlməyib və o yenidən siyasətə meyl etməyə başlayıb.

Sabiq prezident Gürcüstana qayıtmağı hələ məqbul variant hesab etmir. Georgi Marqvelaşvilinin inauqurasiyasından bir qədər əvvəl Tbilisini tərk etmiş Saaakşvili o gündən bəri Gürcüstan paytaxtına ayaq basmayıb. Çünki Gürcüstanın hüquq-mühafizə orqanlarının M.Saakaşviliyə çoxlu sualları var.

Qərbin təzyiqi ilə Tiflisin ötənlərdə qəbul etdiyi koabitasiya dövrü başa çatdığından baş nazir İrakli Qaribaşvilinin hökuməti Mixeil Nikolayeviçə heç bir təhlükəsizlik təminatı verə bilməz.

Halbuki, Qaribaşvilinin özü Saakaşvilinin Tbilisiyə dönüşünə etiraz etmir. Baş nazir ABŞ-da rəsmi səfərdə olarkən jurnalistlərdən birinin "Saakaşvili Gürcüstana qayıda bilərmi?" sualına belə cavab vermişdi: "Mixeil Saakaşvili Gürcüstan vətəndaşıdır, pasporta malikdir və təbii ki, istədiyi zaman dönə bilər. Amma Gürcüstan əhalisinin Saakaşvili üçün çox darıxdığına şübhələrim var".

Ekspertlər isə hesab edirlər ki, M.Saakaşvili beynəlxalq siyasətdə qalmaq istəyir və onun Ukraynaya səfərləri də məhz bu amillə bağlıdır.

Siyasi analitik Nika Çitadze deyir: "Bəlli ki, Saakaşvili gənclik illərində Ukraynada yaşayıb, onu Kiyevlə bağlayan çoxlu tellər var. Gürcüstanın sabiq prezidenti indi də gündəmdə qalmaq, hadisələrdən kənar durmamaq niyyətində olduğundan Kiyevə can atır. Ukraynadakı proseslər dünya birliyinin diqqətindədir. Saakaşvilinin Kiyevə səfərləri də bu amillə bağlıdır. Ona edilən təkliflərlə bağlı nə isə deməyə çətinlik çəkirəm. Düşünürəm ki, Mixeil Saakaşvili Ukraynanın indiki rəhbərliyinə müəyyən məsələlərdə məsləhətlər verə bilər. Məsələn, korrupsiya ilə mübarizə və ya büdcə kəsirinin aradan qaldırılması kimi problemlər".


Siyasi məsələlər üzrə ekspert Soso Siskarişiali isə Mixeil Saakaşvilinin Kiyevə səfərlərinin Ukrayna üçün yaxşı heç nə vəd etmədiyini düşünür.

"Görünən budur ki, universitetdə çalışmaq, akademik fəaliyyət Saakaşvili üçün rahat mühit deyil. O, özünü professor və ya müəllim kimi görmür. Yenə mitinqlərə can atır. Axı Saakaşvili çoxdandır ki, mitinqlərdə Rusiyanın əleyhinə danışmayıb. Özünə diqqətin azaldığını da duyduğundan mütəmadi olaraq Kiyevə yollanır. Amma zənn edirəm ki, Saakaşvili Kiyevə problemlərdən savayı heç nə vəd etmir. Sözsüz, Gürcüstanın sabiq prezidentinin Maydandakı bəzi çıxışları ukraynalıların müəyyən qisminin xoşuna gələ bilər. Lakin həmin çıxışların Kiyevə xeyir verəcəyini sanmıram", - S.Siskarişiali deyib.

Gürcüstanın sabiq prezidentinin Moldovaya səfərləri də rəsmi Kişinyov üçün Rusiya ilə münasibətlərdə başağrısına çevrilə bilər.

Ukrayna təki, Moldovanın da problemləri az deyil. Amma Saakaşvili təki şəxs, Moskvanın arzuolunmaz fiqur saydığı siyasətçi həmin problemlərdən bəhs edəndə və hətta gərəksiz aktuallıq verməyə çalışanda durum dəyişir.

Saakaşvili Rusiyanın mövcud hakimiyyətini, Moskvanın yürütdüyü siyasəti tənqid etmək istəyirsə, bunu Ukraynada və ya Moldovada yox, Rusiyada etməlidir.

Həmin tənqidlər və açıqlamalar Rusiyada keçiriləcək hər hansı toplantıda, yaxud tədbirdə səslənərsə, effekti dəfələrlə artıq olardı.


Ukraynanın yeni hakimyyətinin Saakaşviliyə hansısa vəzifələr təklif etməsinə gəldikdə isə bu, çox yəqin Kiyevdəki postinqilab situasiyası, eyforiya ilə bağlıdır.

Məntiqlə, Mixeil Saakaşvilinin Ukraynada müşavir işləməsi və ya hansısa başqa postda çalışması Rusiyanın qıcığını, aqressiyasını daha da artıra bilər.

Saakaşvili Rusiya ilə bağlı danışanda həmişə emosiyalara qapılır, sərt ifadələr səsləndirir. Ukrayna bir yana - postsovet məkanındakı istənilən ölkə üçünsə belə açıqlamalar Moskva ilə münasibətlərdə əlavə problemlərdən savayı heç nə vəd etmir.

"Qızılgüllər inqilabı" adlandırdığı siyasi çevrilişdən sonra Gürcüstanda hakimiyyətə gələn Mixeil Saakaşvili hələ də inqilabçı obrazından qurtula bilmir.

Bəlkə elə bu səbəbdən sabiq prezident ABŞ-da çalışığı universitetdə mühazirələr arasındakı fasilələlərdə sürəkli olaraq çevrilişlər, inqilablar, ən "yumşaq" halda inqilabi proseslər barədə düşünür.

Saakaşvilinin mühazirələr oxuduğu tələbələr qürrələnə bilərlər: axı onlara inqilabçı dərs deyir.

Fəqət belə inqilabçı tələbələrə nə öyrədəcək - mübahisəli məsələdir.


Mixeil Saakaşvili hakimiyyətdə olduğu illərdə Gürcüstandakı azərbaycanlılara səmimi münasibəti, rəsmi Bakı ilə əlaqələrində isə səbatlı müttəfiqliyi və sədaqəti ilə fərqlənib. O, istənilən halda Azərbaycanın dostları sırasındadır və bu səbəbdən də sabiq prezidentin yenidən siyasətə qayıtmağı Azərbaycanın regiondakı maraqlarına cavab verə bilər.

Lakin bütün dostlar mənafelərin tam təminatı demək deyil və Saakaşvilinin Tbilisidə böyük siyasətə dönüş cəhdləri Gürcüstandakı situasiyanı daha da gərginləşdirməklə yanaşı, Bakını dəyişən vəziyyətə uyğun addımlar atmağa vadar edəcək.

ABŞ və Avropa Birliyinin bölgədəki planlarının reallaşdırılması üçün istifadə etdikləri, Rusiyanın Gürcüstana qoşun yeridərək Abxaziya və Cənubi Osetiyanı işğal etməsindən sonra isə faktiki olaraq xəyanət etdiyi Saakaşvili ona bol vədlər verən, sonadək "dəstək alacağına zərrə qədər şübhəyə yer olmadığı" barədə açıqlamaları sıralayan güclərə bundan sonra da inanırsa, əsl sadəlövhlük edir.

Ya da konyuktura ilə məşğul olur ki, hər ikisi də xoşagələn məqamlar deyil.