Tarif Şurasının tərkibi dəyişdiriləcək?
2 Fevral 2015 12:52 (UTC+04:00)
"Azərbaycan Parlamenti sessiyalararası tətildə olduğu dövrdə Tarif
Şurası yanacağın artırılması ilə bağlı məlum qərarı verdi və sonra
haqlı olaraq cənab Prezident İlham Əliyev tərəfindən bu qərar ləğv
edildi. Bu məsələ hökumət üzvləri qarşısında bir sıra suallar
qaldırdı ki, həmin Şuranın statusu nədən ibarətdir, onlar əsasnamə
prinsiplərinə uyğun olaraq verdikləri qərarda iqtisadiyyatın
stimullaşdırılması, rəqabətqabiliyyətinin artırılması və s.
prinsiplərə nə dərəcədə əməl edirlər".
Movqe.az trendə istinadən məlumat verir ki, bunu millət
vəkili Zahid Oruc Milli Məclisin yaz
sessiyasının ilk iclasında çıxışı zamanı deyib.
Deputatın sözlərinə görə, bəlli oldu ki, Aİ 92 və 95 markalı
benzinlərin özünün qiymətinə yanaşmada çox səhv bir metodoloji
sistemdən istifadə olunub: "Tarif Şurasının statusu əslində qanunla
müəyyənləşməlidir, həmçinin onun tərkibinə müxtəlif qurumların
müavin səlahiyyətlərini daşıyan insanlar cəlb olunublar. Halbuki
orada cəmiyyətin maraqlarını ifadə edən, həm də dövlət və vətəndaş
arasında bir institut olan QHT rəhbərlərindən bir nəfərin təmsil
olunması, parlamentin bir nəfər nümayəndəsinin olması, həmçinin
Mətbuat Şurasından bir nəfərin olması məqsədəuyğun olardı. Baxın,
indi həmin qərar hesabına digər məhsulların qiymətində nisbi
dəyişmələr baş verdi. Düşünürəm ki, ümumiyyətlə, qiymətləri dövlət
tərəfindən tənzimlənən məhsullar və xidmətlərin qiymətlərinin özünə
də yenidən baxmağa ehtiyac var".
Z.Oruc Tarif Şurasının statusunun və formalaşmasının qanunla
aparılmasını təklif edib.