Azərbaycan paytaxtında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb

1 Avqust 2012 14:37 (UTC+04:00)
Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə XidmətindənAPA-ya verilən məlumata görə, hadisə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində, "Ramin" şadlıq evinin yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Hadisə yerinə 5 yanğınsöndürən maşın cəlb edilib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. 

Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın baş verən yataqxananın sakinləri evakuasiya edilib. 

Məlumata görə, yanğın yataqxananın 3-cü mərtəbəsində yerləşən mənzillərdən birində meydana gəlib. Yataqxanadakı sakinlərin hamısı evakuasiya edilib. 

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın 14-cü Aşırım küçəsində yerləşən 5 mərtəbəli yataqxana binasının yuxarı mərtəbələrində meydana gəlib. 

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, yanğının səbəbləri araşdırılacaq. Hazırda yanğının səbəbləri məlum deyil. 

Hadisə yerinə 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Hadisə zamanı xəsarət alan olmayıb.