Minsk qrupunun vasitəçilyindən imtina olunur?!

3 Fevral 2015 09:15 (UTC+04:00)

Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri, Tallində fəaliyyət göstərən Beynəlxalq Müdafiə Araşdırmaları Mərkəzinin direktoru Metyu Brayza Dağlıq Qarabağ münaqişəsi iəl bağlı maraqlı açıqlamalar verib. O hesab edir ki, ümumilikdə, Minsk qrupunun danışıqlar prosesindən kənarlaşdırılması və prezidentlərə vasitəçilərsiz danışmaq imkanı vermək daha effektiv olardı: "Daha vasitəçilərə ehtiyac yoxdur, tərəflər görüşlərin təşkili məsələləri ilə məşğul olacaq xüsusi nümayəndələr təyin edə bilərlər. Münaqişələri əbədiləşdirməyə çalışan Rusiyanın üzv olduğu ATƏT-in Minsk qrupunun mövcudluğu qeyri-məntiqi görünür. Əsas odur ki, prezidentlər birbaşa danışsınlar".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, indiki şəraitdə Minsk qrupundan imtina bir qədər mürəkkəb məsələdir: "Bunun üçün ilk öncə sözügedən dairələrin iradəsi lazımdır. Təsəvvür edin ki, həmin dövlətlərin siyasi gündəliyinə belə bir məsələ ilə müraciət olunur. Vaşinqtonun hazırda başının hansı məsələlərə qarışdığını bilirsiniz. Rusiyanın da hansı şəraitdə olduğunu bilirsiniz. Fransadan isə bəzən qondarma "erməni soyqırımı" məsələlərilə bağlı ziddiyyətli fikirlər gəlir. Ona görə də, hazırkı şəraitdə Minsk qrupundan imtina məsələsi bir qədər qəlizdir. Digər tərəfdən, müşahidə olunan odur ki, Qərb mətbuatında artıq sistemli olaraq təmas xəttində hər an daha ciddi qarşıdurmaların olacağına dair xəbərdarlıqlar verilir. İndiki halda dünya iqtisadiyyatında hökm sürən vəziyyət, Avropa üçün enerji təchizatı məsələləri, Azərbaycnın bütün bu məsələlərdə yeri və rolu, o biri tərəfdən ölkəmizin yaxın gələcəkdə həyata keçirəcəyi böyük layihələr diqqəti cəlb edir. Belə bir şəraitdə yazırlar ki, təmas xəttində gərginlik var. Bunları çox diqqətlə izləmək lazımdır ki, bu xəbərdarlıqlarda məqsəd nədir. Azərbaycanda bu məsələlərə rəy bildirən hörmətli şəxslər lazım oldu-olmadı, bəzən müəyyən ünvanlar göstərir. Azərbaycan siyasəti qlobal və regional mənada həssaslığı yaxşı başa düşür və ona uyğun taktiki və strateji addımlarını hesablaya bilir. Konkret olaraq formatın dəyişdirilməsi məsələsinə gəldikdə, bu çətindir. Qeydsiz-şərtsiz yalnız suveren Azərbaycan ərazisindən erməni hərbi hissələri çıxarılandan sonra danışıqlara başlamaq olar. Bu, birinci şərtimizdir. İşğalçı torpağımızda oturubsa, onunla necə üzbəüz danışmaq olar? Əvvəl işğalçı qoşunu çıxarılmalıdır. Ondan sonra iki ölkə arasında istənilən danışıqlar baş tuta bilər. Metyu Brayzanın dediyi variantda məsələ ancaq bu halda gündəmdə ola bilər. Bu cür informasiyalar problem ətrafında ictimai rəyi məşğul etsə də, bundan o yana da keçmir və hələlik belə qalmaqda davam edir".

Hakim Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr komissiyasinin katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov da indiki halda belə bir yanaşmanı məqbul saymadı: "Ermənistanın Dağlıq Qarabağla bağlı yeritdiyi siyasət, münaqişənin həllinə cəhd göstərməməsi, əksinə, status-kvo vəziyyətini qoruyub saxlamaq niyyəti, permanent danışıqlar siyasətinə üstünlük verməsi onu göstərir ki, İrəvanın münaqişəni həll etmək niyyəti yoxdur. Vasitəçilərin ayrı-ayrı hallarda görüş təşkil etmələri nəticə etibarı ilə Ermənistanın mövqeyini dəyişmir. Belə olan halda bir çox hallarda ATƏT-in Minsk qrupu vəziyyət mürəkkəbləşən kimi bütün məsuliyyəti münaqişə tərəflərinin üzərinə atır və deyirlər ki, Azərbaycanla Ermənistan tərəfi özləri razılaşsınlar. Minsk qrupu isə bu razılaşmanı dəstəkləyəcək. Onların fəaliyyətinin nəticəsi budur. Onda sual yaranır ki, Ermənistanla Azərbaycan münaqişəni özləri həll etmək iqtidarındadırsa, Minsk qrupuna nə ehtiyac var? Hesab edirəm ki, Brayzanın səsləndirdiyi təklif məhz bu məntiqdən qaynaqlanır. Lakin həmsədrlərə daha ehtiyac yoxdur, münaqişə tərəflərinin öz nümayəndələri bunu həll edə bilər kimi yanaşma indiki halda məqbul sayıla bilməz. Minsk qrupu indiki halda münaqişəni həll edə bilmir. Amma bu qurum olmadan Ermənistanın da danışıqlara getməsi və münaqişənin həlli istiqamətində hər hansı pozitiv addım atacağına heç bir inam yoxdur. ATƏT-in Minsk qrupu olmayacağı təqdirdə, hətta xarici işlər nazirləri səviyyəsində belə görüşlərin keçirilməsi baş tutmayacaq. Belədə prezidentlər səviyyəsində görüşlərin baş tutmasından ümumiyyətlə, söhbət gedə bilməz. Bu halda vasitəçilik institutunun özündə müəyyən düzəlişlərə, korrektlərə ehtiyac var. Bu baxımdan digər ölkələrin prosesə qatılmasına ehtiyac yaranıb. Məsələn, artıq Almaniya belə bir niyyətini ortaya qoyub. İndi ABŞ, Fransa və Rusiya münaqişənin həllilə məşğuldursa, bunu Almaniyanın iştirakı ilə kvartetə də çevirmək olar. Avropa İttifaqını burada təkcə Fransa təmsil edir. Amma hər kəsə bəllidir ki, Avropa İttifaqının lokomotivi təkcə Fransa deyil, Almaniya da burada böyük rol oynayır. Bu mənada Almaniyanın prosesdən kənarda qalması düzgün deyil. Almaniya İranın nüvə proqramı ilə bağlı danışıqlarda "5+1" formatı ilə iştirak edir. Bu nöqteyi-nəzərdən Almaniyanın mürəkkəb problemlərin həllində iştirak təcrübəsi var. Ola bilsin ki, Dağlıq Qarabağ münaqişəsində də ABŞ, Fransa, Rusiya və Almaniyanın timsalında "3+1" varinatından istifadə etmək olar. Amma Minsk qrupundan ümumiyyətlə, imtina edilsin, yerində heç bir başqa qurum olmasın, işğalçı Ermənistan və işğala məquz qalan Azərbaycan dövləti özləri həll prosesində danışığa getsinlər, bunun heç bir nəticəsi ola bilməz. Bu baxımdan Metyu Brayzanın həmin mövqeyini paylaşmıram".