TQDK sənəd qəbuluna başladı
3 Fevral 2015 10:16 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK)
2015/2016-cı tədris ili üçün respublikanın ali təhsil
müəssisələrinin magistraturalarına qəbul elan edir. Movqe.az xəbər
verir ki, qəbul imtahanında iştirak etmək
üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə
aparılır. İmtahanda iştirak etmək üçün bakalavr 2015-ci il fevralın
3-dən 12-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə
(eservices.tqdk.gov.az/erizemag/erize) daxil olaraq şəxsiyyət
vəsiqəsindən (seriyasından, nömrəsindən və PIN kodundan) və
TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə
etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub,
onu özü təsdiq edir.
Virtual ödəmə kartını internet ödəmə və ya bütün
mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək
olar (ətraflı məlumat eservices.tqdk.gov.az/erizemag/erize
səhifəsindəki aktual keçidlərdə verilmişdir).
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici
ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları
imtahanda iştirak etmək üçün "Bakalavrın elektron ərizəsi"
formasını doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim
etməklə elektron ərizələrini TQDK-da təsdiq etdirməlidirlər (Ünvan:
Yasamal rayonu, M. Müşfiq küçəsi, 1A).
Qəbul imtahanı test üsulu ilə iki mərhələdə
keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellektinin
(məntiqi təfəkkürünün) inkişaf səviyyəsi, informatika fənnini və
xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə onların
seçdikləri qəbul proqramı əsasında ixtisas üzrə bilikləri
yoxlanılır. Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına
düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün
cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın birinci mərhələsi 2015-ci il fevralın
22-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi
təfəkkürun) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən
açıq tipli 5), informatika üzrə 25 (o cümlədən açıq tipli 5) və
xarici dil üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı təqdim
olunacaqdır.
Birinci mərhələdəki nəticələri TQDK tərəfindən
qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçiminə
buraxılırlar. Həmin bakalavrlar 2015-ci il aprelin 1-dən 10-dək
olan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri
bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq
etməlidirlər ("İxtisaslaşma seçimi cədvəli" və qəbul proqramları
"Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında
veriləcəkdir).
İmtahanın ikinci mərhələsi 26 aprel 2015-ci il
tarixində keçiriləcəkdir. Bu mərhələdə bakalavrların ixtisas üzrə
bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 test
tapşırığı təqdim olunmaqla yoxlanılacaq.
Bir sıra qəbul proqramlarını seçən bakalavrlar
ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan
verməlidirlər ("Magistr" jurnalının 2015-ci il tarixli 3-cü sayında
qəbul proqramları dərc olunanda bu barədə məlumat
veriləcək).
Yazı işləri 50 ballıq şkala üzrə qiymətləndirilir.
İmtahan suallarının cavablandırılmasına imtahanın birinci
mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30
dəqiqə vaxt ayrılır.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə və Lənkəran
şəhərlərində keçirilir. Bakalavrın imtahan verəcəyi şəhər TQDK
tərəfindən bakalavrın ərizəsində göstərdiyi faktiki yaşadığı
məntəqəyə görə, bu məntəqə göstərilmədiyi halda, onun qeydiyyatda
olduğu məntəqəyə görə təyin edilir.