Ermənilərin cəzasız qalması terrorizmin artmasına rəvac verib
3 Fevral 2015 14:20 (UTC+04:00)
Bu gün Azərbaycan Sosial Rifah Partiyası,
Azərbaycan Mətbuat Şurası və Azərbaycan Qiymətləndiricilər
Cəmiyyətinin təşkilatçılığı ilə "Müasir Azərbaycanın unikal inkişaf
modeli və tarixi erməni təcavüzünün beynəlxalq
qiymətləndirilməsinin reallıqları" mövzusunda konfrans
keçirilib.
Movqe.az-ın məlumatına görə, tədbiri giriş sözü
ilə açan Azərbaycan Sosial Rifah Partiyasının
sədri Xanhüseyn
Kazımlı müasir Azərbaycanın unikal
inkişaf modeli və erməni təcavüzünün ölkəmizə vurduğu ziyanların
qiymətləndirilərək beynəlxalq təşkilatlar qarşısında
təqdimatlarının keçirilməsinin zərururiliyi barədə
danışıb.
O, bildirib ki, Ermənistanın Azərbaycana qarşı
uzun illər ərzində apardığı işğalçılıq siyasəti ölkəmizə böyük
miqdarda zərərlər vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda sülhün
pozulması və qeyri-sabitliyin əsas səbəbidir: "İşğal nəticəsində
çoxçeşidli təbii sərvətlərimiz, o cümlədən zəngin mineral xammal
bazamız, ərazilərimizdəki zəngin və qiymətli fauna və floramız
varlanmaq naminə ermənilər tərəfindən talan edilib. Bu kimi təcavüz
hallarının cəzasız qalması və aparıcı dünya dövlətlərinin ikili
yanaşmaları hazırda beynəlxalq aləmin geniş miqyasda əziyyət
çəkdiyi terrorizmin artmasına rəvac verib".
X.Kazımlı vurğulayıb k, misli görünməmiş erməni
təcavüzünə baxmayaraq, müstəqilliyimizin və inkişafımızın qarantı
olan ölkə rəhbərliyinin xarici və daxili səviyyələrdə apardığı
düzgün siyasi xətt, respublikamızın mövcud stabil və güclü
iqtisadiyyatının yüksək tempdə inkişafı hər kəsdə fərəh hissi
doğurur.
Daha sonra genetik fondumuza qarşı Ermənistan
tərəfindən törədilmiş terror hadisələrindən bəhs edən qısametrajlı
filmin nümayişi olub.
Konfransda məruzə ilə çıxış edən "MBA LTD"
Qiymətləndirmə şirkətinin prezidenti, Azərbaycanın məruz qaldığı
itki və tələfatların hesablanması üzrə İşçi Qrupunun
üzvü Nüsrət
İbrahimov deyib ki, Azərbaycanın
Dağlıq Qarabağ ərazisinin və ətraf 7 rayonun Ermənistan tərəfindən
işğal edilməsi nəticəsində Azərbaycanın tarix və mədəniyyət
abidələri üzrə dəyən zərər 177 milyard ABŞ dolları, əhalinin
mülkiyyətinə dəyən zərər isə 55,4 milyard ABŞ dolları təşkil edir:
"Azərbaycanın yerüstü və yeraltı təbii sərvətlərinin ermənilər
tərəfindən talan edilərək məhv olunması nəticəsində dəymiş birbaşa
və dolayı zərərlərin 190 milyard ABŞ dollarından artıq olacağı heç
kəsdə şübhə doğurmur. Azərbaycanın itkiləri düşmən təcavüzü davam
etdiyi müddətdə ilbəil artır".
Daha sonra çıxış edən Müdafiə Nazirliyinin Hərbi
ekologiya şöbəsinin rəisiAdil
Məmmədov ermənilərin Azərbaycana
qarşı törətdiyi ekoloji terrordan söz açıb.
Hər hansı bir ölkə tərəfindən və yaxud şəxslər
tərəfindən bilərəkdən digər ölkənin təbiətinə, flora və faunasına
zərər yetirməklə, təbii sərvətlərini məhv etməklə vurulan ziyanın
ekoloji terror hesab edildiyini deyən A.Məmmədov qeyd edib ki,
Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərində döyüş
mövqelərində hərbi hissələrin və hərbi texnikanın yerləşdirilməsi
məqsədilə yollar çəkilən zaman ağaclar qırılır, yandırılır və
torpaq qatları qazılaraq məhv edilir: "Bunun nəticəsində həmin
ərazidə ağaclar torpaq altında qalmış, pöhrələr məhv olmuşdur. Əldə
edilmiş məlumata əsasən, həmin meşədə havadan müdafiə və piyadalar
əleyhinə hərbi texnikalar yerləşdirilmişdir. Çəkilən yol müharibəyə
xidmət etməklə yanaşı, Azərbaycan təbiətinin məhvinə səbəb
olmuşdur".
A.Məmmədov əlavə edib ki, ümumilikdə götürdükdə
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun
əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 96 min
hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri
yanaraq məhv olub, torpağın üst münbit qatı yararsız hala düşüb və
yanğınlar zamanı ətraf mühitə milyonlarla manat məbləğində ziyan
dəyib.
Konfransda çıxış edən Azərbaycan Mətbuat Şurasının
sədri Əflatun
Amaşovisə bildirib ki, itki və
tələfatların beynəlxalq standartlara uyğun olaraq
qiymətləndirilməsi olduqca vacibdir: "Maddi baxımdan qiymətləndirmə
mümkündür, ancaq mənəvi baxımdan qiymətləndirmə isə kifayət qədər
çətin və vacibdir".
"Azərbaycan Respublikasının Dağlıq Qarabağ
bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin
sədri Bayram
Səfərov da çıxışında qeyd edib ki,
Ermənistan daim Azərbaycana maddi və mənəvi ziyanlar vurub. Onun
sözlərinə görə, zaman keçdikcə maddi ziyanları aradan qaldırmaq
mümkündür, lakin mənəvi ziyanları heç cür unutmaq olmur: "Biz
erməni tapdağı altında olan torpaqlarımızı mütləq azad etməliyik və
ermənilər də bilməlidirlər ki, o torpaqlar onlarda
müvəqqətidir".
Prezident Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin sektor müdiriElman
Paşayev bildirib ki, bu gün
Azərbaycanın sosial-iqtisadi və bütün digər sahələrdə inkişafında
xüsusi bir sistem, təcrübə toplanıb ki, bunu da inkişafın
Azərbaycan modeli adlandırırlar: "Yəni, Azərbaycanın uğurlarından
çox danışmaq olar, çoxlu sayda nümunə göstərmək olar, rəqəmlər
sadalamaq olar. Əgər bu bədnam qonşularımızın Azərbaycana qarşı bu
təcavüzü olmasaydı, uğurlarımız daha çox ola bilərdi. Əlbəttə ki,
bu təcavüzün bizə vurduğu ziyanları hesablayırıq. Mən hələ maddi
itkilərimizi qoyuram kənara, bizim burada ən böyük itkilərimiz
insan itkiləridir. Bizim 13 700 şəhid ailəmiz
var".
Onun sözlərinə görə, hazırda 11 mindən çox Qarabağ
müharibəsi əlilimiz var: "Ailələri ilə birgə götürdükdə 30 mindən
çox təkcə müharibədə birbaşa ziyan görənlər var. 70 minə qədər isə
müharibədə psixoloji və digər zərbələr alan veteranımız var. Bunlar
da böyük itkilərdir".
Tədbirdə mövzu ətrafında məruzələr dinlənilib və
bir sıra təkliflər səsləndirilib.
Konfransın sonunda "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət
Proqramı"nın həyata keçirilməsinin birinci ilinin yekunlarına həsr
olunan iclasda geniş, məzmunlu çıxışı ilə bundan sonra da xalqımız
və dövlətimizin beynəlxalq səviyyədə mənafeyi naminə çalışacağını
bəyan edən dövlət başçısı İlham Əliyevə təşəkkür xarakterli
müraciət qəbul olunub.
Mövqe.Az