Tanınmış yazıçı-dramaturq mətbuat xidmətinin rəhbəri oldu

3 Fevral 2015 14:26 (UTC+04:00)
Tanınmış yazıçı-dramaturq Samir Sədaqətoğlu Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətinin rəhbəri təyin olunub. Teatr sahəsinə kifayət qədər bələd olan S. Sədaqətoğlunun bir neçə pyesi ölkə teatrlarında tamaşaya qoyulub və bir sıra mükafatlara layiq görülüb. Azərbaycan Dövlət Musiqili Teatrından Milli.Az-a verilən məlumata görə, ötən mövsüm onun ssenarisi əsasında çəkilərək Azad Azərbaycan Televiziyasında (ATV) yayımlanan "Toy gecəsi" serialı geniş tamaşaçı auditoriyası tərəfindən böyük rəğbət və maraqla qarşılanıb. Qeyd edək ki, Samir Sədaqətoğlu Prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

S. Sədaqətoğlu 2001-ci ildə çap olunmuş hekayələrinə görə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin "İlin ən yaxşı gənc nasiri" və Azərbaycan Yazıçılar Birliyinin Ülvi Bünyadzadə adına "Ugur" mükafatlarını almışdır. 2002-ci ildə Bakı Dövlət Kamera teatrında xalq artisti, "Şöhrət" ordenli rejissor Cənnət Səlimovanın quruluş verdiyi "İtən vaxt" əsəri "Üfüq XXI" IV Respublika Monotamaşalar Festifalında Azərbaycan Teatr Xadimləri İttifaqının xüsusi mükafatına layiq görülmüşdür. 2010-cu ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin keçirdiyi "Kiçik həcmli pyeslər və hekayələr" müsabiqəsində "Yerə-göyə sığmayan", "Bir redaksiyada" və "Azadlıq həzzi" pyesləri ilə iştirak etmiş və ikinci yeri qazanmışdır. 2011-ci ildə həmin pyeslər səhnələşdirilərək Xalq Teatrları Festifalında nümayiş olunmuş, bir pyesi festifvalın 2-ci mükafatının, digər bir pyesi isə "Ən yaxşı kişi obrazı" nominasiyasının qalibi olmuşdur. 2011-ci ildə "Yerə-göyə sığmayan" pyesi Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor Sərvər Əliyevin mizanında uğurla səhnələşdirilərək tamaşacılara təqdim olunmuşdur. "Həbsxanada bayram" dramı Teatr Xadimləri İttifaqının təşkil etdiyi "Axundov dərsləri" çərçivəsində qalib elan olunaraq Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə rus dilinə tərcümə olunmuş və Azərbaycan Respublikası tərəfindən Beynəlxalq Teatr Xadimləri Assosiasiyasının Moskvada nəşr olunan "MDB-nin ən yaxşı gənc dramaturqları" kitabına daxil edilmişdir. 10-a yaxın pyesin və bir neçə sənədli və bədii filmin ssenari müəllifidir. Yeni Yazarlar və Sənətçilər Qurumunun "Yeni nəsil yazarı" nominasiyasının qalibi olmuş "İtən vaxt" kitabının müəllifidir.

Mövqe.Az