Ermənistan ordusunda qalmaqal
3 Fevral 2015 14:45 (UTC+04:00)
Ermənistanın "Qraparak" qəzeti yeni iddia irəli
sürüb, İrəvandakı hərbi tədris müəssisəsinin kursantı Aykaz
Barseqyanın qətlində şübhələnən şəxsin yüksək vəzifədə çalışan
valideyninin məsuliyyətə cəlb ediləcəyini
açıqlayıb.
Mövqe.az-ın məlumatına görə, qəzet mənbələrə
istinadla yazıb ki, Ermənistanın Hərbi Liseyin rəisinin
istefasından sonra onun bir neçə müavini də istefaya göndəriləcək.
Belə ki, altı müavindən yalnız biri qalacaq.
Müdafiə Nazirliyinin nümayəndəsi deyib ki, onun
adı hələ açıqlanmayacaq. Çünki kursantın qətlində şübhəli
bilinənlərin arasında rəis müavininin birinin oğlunun olması
dəqiqləşdirilir. Bundan sonra həmin vəzifəli şəxs təkcə
vəzifəsindən uzaqlaşdırılmayacaq, həm də cinayət məsuliyyətinə cəlb
ediləcək.
Buradan belə nəticə çıxır ki, kursantın ölüm
qərarını məhz nazir müavinlərindən biri verib. Onlar bu hadisəni
törətməklə hərbi təhsil müəssisəsinin rəisinin işdən çıxarılmasına
nail olmaq və yerinə keçmək istəyiblər. Necə deyərlər, qurduqları
tələyə özləri düşüblər.
Xatırladaq ki, 5 gün əvvəl İrəvandakı hərbi
hissələrdən birinin idman zalında kursant Aykaz Barseqyanın asılmış
meyidi aşkarlanıb. Qətldə şübhəli bilinən Vaçe Saakyan, Movsesa
Azaryan, Qnel Tevorsyan və Norika Saakyan
tutulublar.
Mövqe.Az