Türkiyə XİN Minsk qrupu həmsədrlərinin sayının artırılması məsələsinə münasibət bildirdi
3 Fevral 2015 15:52 (UTC+04:00)
Türkiyə Xarici İşlər Nazirliyi Minsk qrupunun
həmsədrlik institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası"
olması məsələsinə mövqeyini açıqlayıb.
Türkiyənin Xarici İşlər
Nazirliyindən Mövqe-yə verilən
eksklüziv açıqlamada bildirilib ki, ATƏT-in Minsk qrupunun bir üzvü
olaraq Türkiyə Cənubi Qafqazda sülh, sabitlik, rifah və geniş
əməkdaşlığa ciddi maneə olan Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün atılan bütün addımları yaxından izləyir: "Türkiyə problemin
həlli məqsədilə Minsk qrupu çərçivəsində davam edən səylərə töhfə
vermək üçün çalışır. Minsk qrupunun mövcud formatı daxilində
bütövlükdə problemin həlli istiqamətində atılan addımları da
dəstəkləyir və bu istiqamətdə cəhd göstərir".
Türkiyə XİN-dən qeyd olunub ki, bütün bunlarla
yanaşı, istər Minsk qrupu formatında, istərsə də digər formatlarda
üçüncü ölkələrlə münasibətlərdə Türkiyə milli məsələsi olan Dağlıq
Qarabağ problemini hər zaman gündəmə gətirir: "Qardaş Azərbaycanın
bu önəmli probleminin beynəlxalq ictimaiyyətdə öz aktuallığını
qoruması və problemin ən tez bir zamanda həlli üçün çalışmalarımızı
davam etdirəcəyik. Azərbaycanın qaldırdığı Minsk qrupu
həmsədrlərinin sayının üçdən beşə çatdırılması (ABŞ, Rusiya,
Fransa, Türkiyə və Almaniya) məsələsinə gəlincə isə, bu barədə
hələki əlimizdə hər hansı bir məlumat yoxdur. Türkiyənin Dağlıq
Qarabağ məsələsində siyasətinin qəti olduğunu, Cənubi Qafqazda
sülhün, əmin-amanlığın bərqərar olması üçün bu problemin
Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə inandığımızı bir
daha vurğulayırıq".
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və
təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev
mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm
Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə
yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik
institutunun dəyişdirilərək "5-lik Sədrlər Şurası" (SŞ) ilə əvəz
olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını
açıqlayıb.