Xəzər hövzəsi Avropanın nicatına çevrilir

4 Fevral 2015 08:26 (UTC+04:00)

Şimal qonşumuzla Ukrayna arasında yaşanan gərginlik Avropanın enerji təminatına da ciddi təhdidlər yaratmaqdadır. Bu fonda Avropa alternativ mənbələrdən enerji alınmasına daha çox diqqət yetirir. Belə mənbədən biriqismində isə Xəzər hövzəsi çıxış edir. Yaranmış vəziyyəti şərh edən Türkiyədən olan politoloq Hasan Oktay qeyd edir: "Rusiya ilə Ukrayna arasındakı böhran istər- istəməz Ukrayna üzərindən Avropaya təhlükəsiz enerji axının təmin edilməsini ön plan çıxarıb. Hazırda Rusiya Avropaya Ukrayna üzərindən göndərdiyi təbii qazın pulunu ala bilməməkdə, Ukraynanın davamlı şəkildə təbii qazın oğurlandığı iddiasını irəli sürülməkdədir. Bu şəraitdə Avropa Birliyi enerji ehtiyacı üçün yeni qaynaqlar axtarmaqdadır. Bu qaynaqların başında Orta Asiya və Xəzər enerji mənbələri, onların ixracı üçün Azərbaycan-Gürcüstan -Türkiyə yolu gündəmə gəlməkdədir. Burada əhəmiyyətli olan məsələ Rusiyanın da prosesə cəlb olunması, Xəzər enerji qaynaqlarının təhlükəsiz bir şəkildə dünya bazarına çıxarılmasıdır. Türkiyə, Azərbaycan və Gürcüstan bölgədə bu prosesin reallaşmasında əsas rol oynayacaq".

Onun sözlərinə görə, Azərbaycanın malik olduğu enerji potensialını Gürcüstan və Türkiyə üzərindən dünya bazarına çıxarması, Qarabağ probleminin də həllinə böyük töhfə verə bilər: "Ermənistan hər keçən gün dünya sistemindən uzaqlaşmaqda, yalnız qalmaqdadır. Bu şəraitdə Türkiyə-Rusiya əlaqələrindəki inkişafdan Azərbaycanın istifadə etməsi lazımdır. Qarabağ probleminin həllində Türkiyə-Rusiya əlaqələri əhəmiyyətli bir hal olaraq dövriyyəyə daxil edilərsə, bu, həm enerji nəqlində, həm də Qarabağ probleminin həllində Azərbaycanın gələcəyə daha ümidlə baxmasını təmin edər. Bu, regional sülhün də təsisində əhəmiyyətlidir".