Ermənistanla separatçı rejim arasında gərginlik artır

4 Fevral 2015 09:40 (UTC+04:00)

Azərbaycanın işğal edilmiş ərazilərində məskunlaşan və getdikcə daha böyük problemlər məngənəsində boğulan ermənilərin son dövrlərdə həm Ermənistandan, həm də Rusiyadan olan narazılığı artmaqdadır. Bu fonda Ermənistandakı narazı kütlənin işğal altındakı Laçın rayonunda hücuma məruz qalması işğalçı ölkədə yeni xaosa səbəb olub. Xatırladaq ki, İrəvandan Dağlıq Qarabağa yüşüş edən "Müəssislər parlamenti" təşəbbüsünün üzvləri Laçında hücuma məruz qalıb. İşğal rejiminin "polis"i, silahlı maskalı adamları onlara hücum edib. İşğal rejimi onları Azərbaycanın işğal edilmiş ərazilərinə buraxmayıb. Yol snayper nəzarətinə götürülüb və yürüş iştirakçıları geri qaytmayacaqları təqdirdə güllə-boran edilməklə hədələndirilib. Geri dönən yürüş iştirakçılarının avtomobillərinə hücum olub. Erməni millətçilərinin işğal olunmuş Laçın rayonunda "Rejimsiz 100 il" şüarı ilə keçirməyə cəhd etdiyi yürüşün aqressiya ilə qarşılanması Ermənistanla separatçı rejim arasında münasibətlərin gərgin olmasından xəbər verir. Erməni mətbuatının Dağlıq Qarabağdakı işğal rejiminə münasibəti də dəyişib. Həmişə Laçını uydurma Berdzor adı ilə təqdim edən erməni saytları bu dəfə Laçın sözünü işlədiblər. Bununla da işğal rejiminə nəzarətində olan torpaqların Azərbaycana məxsus olduğunu xatırladıblar.

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miri da təsdiqləyir ki, Qarabağ və İrəvan klanı arasında mübarizənin şiddətlənməsini müşahidə edirik: "Bu, əvvəllər də var idi. Əvvəllər Dağlıq Qarabağı Ermənistana birləşdirmək ideyası adı altında toplumu bir yerdə tutmaq mümkün olurdu. Ancaq illər keçdikcə, Ermənistan cəmiyyəti anlamağa başlayıb ki, ermənilərin başına gəlmiş bütün bəlalar məhz Dağlıq Qarabağ problemi ilə bağlıdır. Bu gün Ermənistanda əhali yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayır. Bu isə xüsusi ilə gənclərin ölkədən getməsinə səbəb olub. Artıq Ermənistan ordusu üçün səfərbərlikdə gəncləri tapmaq müşkül məsələyə çevrilib. Ermənistan ictimaiyyəti bu bəlaların kökünü Dağlıq Qabağdan gəlmə hərbi xunta, kriminal hakimiyyətdə görür. Belə hərbi kriminal sistemin qurulması Robert Köçəryandan başlayıb. Bu kriminal hakimiyyət mövcud olduqca, Ermənistanda sosial-iqtisadi cəhətdən inkişaf olmayacaq. Artıq Ermənistandakı siyasi elita da kriminal hakimiyyətin getməsi üçün ortaq fikrə gəlib. Ermənistan önünü açmaq üçün bu kriminal hakimiyyətdən, Qarabağ klanından azad olmalıdır. Bu gün həmin hakimiyyəti əvəzləyəcək siyasi alternativ də mövcuddur. Toplumun böyük əksəriyyəti məhz müxalifəti dəstəkləyir. Ancaq indiki şəraitdə bu hakimiyyətin iqtidarda qalmasını şərtləndirən əsas faktor Rusiyadır. Eyni zamanda Qərb də Serj Sarkisyandan qurtulmaq üçün hələlik nəsə bir iş görmür. Amma Rusiya və Qərb anlamalıdır ki, Cənubi Qafqazda sülh, gələcək iqtisadi yüksəlişi istəyirlərsə, kriminal hakimiyyət xalqın seçdiyi hakimiyyətlə əvəzlənməlidir ki, Ermənistanın dövlət maraqlarını nəzərə alsın. Dövlət maraqları onu şərtləndirir ki, bu gün işğal olunmuş torpaqlar geri qaytarılmalıdır. Azərbaycanla normal münasibətlər tənzimlənməlidir. Bunu Ermənistanın siyasi elitası, həm də cəmiyyəti anlayır. Odur ki, ilk nömrəli iş bu hakimiyyətdən qurtulmaq olmalıdır".

Politoloqun fikrincə, yaz aylarında Ermənistanda indikindən də güclü etirazlar gözlənilir: "Ona uyğun olaraq da hakimiyyətin dəyişməsi baş verə bilər. Artıq Qarabağ klanını tərkib hissəsi olan Köçəryan da siyasi cəhətdən aktivləşib. O, hakimiyyətin İrəvan klanına ötürülməməsi üçün ciddi fəaliyyətə başlayıb. Artıq Rusiyanın özü də Sərkisyanın yarasız hakimiyyət olduğunu anlayıb. Hazırda Ermənistanın özündə ciddi anti-Rusiya ovqatı yaranıb. Eyni zamanda get-gedə Sarkisyan hakimiyyətinin topluma nəzarəti itməkdədir. Bundan başqa, artıq separatçı Dağlıq Qarabağ qurumu ilə Ermənistan hakimiyyəti arasında müəyyən ziddiyyətlər yaşanmaqdadır. Bu yaxınlarda Xankəndinə yönələn böyük bir qrupa Dağlıq Qarabağda olan hərbçilər şiddət tətbiq etdilər. Bu, onu göstərir ki, Dağlıq Qrabağda yalnız Rusiyanın maraqları müdafiə olunur. Çünki, Dağlıq Qarabağa yönəlmiş həmin qrup anti-Rusiyaya hissinə ovqatlanmış insanlar idi. Odur ki, Sarksiyan və Qarabağ klanı üçün 2015-ci il çətin olacaq. Yaz aylarında böyük mitinqlər başlaya bilər. Buna xarici faktorlar dəstək verəcəyi təqdirdə isə, daxili toplum Sarkisyanı devirə bilər".

Natiq Miri hesab edir ki, bu gün hətta Qərbin vasitəsi ilə Ermənistan təzyiq edilsə belə, Dağlıq Qarabağ problemini həll etmək bir qədər çətin olacaq: "Odur ki, Qarabağ klanın dəyişdirilməsinin Qarabağ probleminin həllinə müsbət təsiri olmayacaq. Yalnız Ukrayna kontektsində Rusiya zəifləyərsə, bunun təsiri ola bilər. Rusiya zəifləyərsə, bundan sonra beyəlxalq hüquq çərçivəsində Qarabağ problemini həll etmək olar. Həmçinin, Ermənistan daxilində gedən qarşıduramının daha da şiddətlənməsini gözləməliyik. Belə olduğu təqdirdə Qarabağ klanı hakimiyyətdən düşəcək. Ondan sonra Qarabağ problemində müəyyən müsbət elementlər ortaya çıxa bilər".